Artıq neçə illərdir ki, ümumtəhsil məktəblərinin ixtisaslı müəllim kadrlarına olan tələbatının ödənilməsi Elm və Təhsil Nazirliyi müəllimlərin işə qəbulu üzrə müsabiqə vasitəsilə həyata keçirilir. Bir çox gənclərimiz müəllim kimi peşə vəzifələrini Azərbaycanın ən ucqar kəndlərində yerinə yetirirlər. Ucqar kənd məktəblərində dərs deyən müəllimlər çətin şəraitə baxmadan öz vəzifələrinin öhdəsindən layiqincə gəlməyə çalışırlar. Bizim növbəti qəhrəmanlarımız da belə gənclərdəndir.
“Tehsil365” ”Azərbaycan müəllimi”-nə istinadən xəbər verir ki, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil məktəblərində yeni pedaqoji fəaliyyətə başlayan gənc müəllimlərlə həmsöhbət olub.
“Müəllim kimi məktəb dəhlizində gəzmək, dərsə getmək məni çox xoşbəxt edir”
Zibeydə Bəhriyeva Xaçmaz rayonunun Müşkür kəndində yaşayır, Tarverdi Bayramov adına Müşkür kənd tam orta məktəbini bitirib. 2025-2026-cı tədris ilindən Xaçmaz rayon İsmət Rəsulov adına Əhmədoba kənd tam orta məktəbində tarix fənnini tədris etməyə başlayıb.
Bildirir ki, Bakı Qızlar Universitetinin məzunudur. Məktəb vaxtlarından müəllim olmağı arzulayan Zibeydə Bəhriyeva söyləyir ki, həyatının ən maraqlı günlərini tələbəlik dövründə məktəbdə təcrübə keçərkən yaşayıb: “9-cu sinifdən müəllim olmaq istəmişəm. Bu peşəyə maraq bir az da anamdan gəlib. O, ibtidai sinif müəllimi idi. Mən hansısa məlumatı öyrətməyi, bölüşməyi çox sevirəm. Düzünü desəm, tarix fənninə aşağı siniflərdə çox marağım olmayıb. Lakin yuxarı siniflərdə tarix məllimim bu fənnə məndə böyük həvəs yaradıb. Əslində, dərindən öyrəndikcə insan həmin fənni sevir. Fikrimcə, keçmişimizi bilməsək, bu gün olan hadisələri, gələcəkdə nə etmək lazım olduğunu bilmərik. Hər etdiyimiz fəaliyyət keçmiş təcrübələrin bir göstəricisidir. Biri var edib öyrənəsiz, biri də var kimsə artıq hansısa işi görüb, nəticəsi ortadadır, siz ondan örnək alırsınız”.

