Son illərdə diqqət dağınıqlığı həm məktəblilər, həm də universitet tələbələri arasında ciddi problemə çevrilib. Psixoloqların fikrincə, sürətli informasiya axını və çoxekranlı həyat tərzi beyinin fokuslanma qabiliyyətini zəiflədir. Mütəxəssislər bildirirlər ki, qısa zaman ərzində diqqəti artırmaq üçün müəyyən beyin məşqlərindən istifadə etmək mümkündür.
“Tehsil365” xəbər verir ki, bu məşqlər arasında ən effektlilərdən biri “5-5-5 qaydası” adlanır. Qaydaya görə, şəxs 5 saniyə boyunca nəfəsini tənzimləyir, növbəti 5 saniyədə ətrafında olan 5 əşyanı adlandırır və son 5 saniyədə yalnız bir məqsədinə fokuslanır. Bu üsul beyinin diqqət mərkəzini aktivləşdirir və ani konsentrasiyanı artırır.
Mütəxəssislərin sözlərinə görə, bu cür sadə məşqlər gündə bir neçə dəfə tətbiq olunduqda dərs oxuma, təqdimat hazırlama və imtahan zamanı diqqət səviyyəsini xeyli yaxşılaşdırır. Hətta gündə cəmi 5 dəqiqə ayrıldıqda belə, beyin daha sakit, idarəolunan və diqqətcil hala gəlir.

