Azərbaycan ədəbiyyatının dərin duyğulu və fəlsəfi ruhlu şairlərindən biri olan Nəbi Xəzri insanın varlığı, həyatın mənası və ölümün mahiyyəti barədə düşündürücü misralar qələmə alıb.
“Tehsil365” xəbər verir ki, onun “Dünyaya günəştək nur yayan insan...” misrası ilə başlanan şeiri, insan ömrünün keçiciliyini və ölüm qarşısında belə ucalığını poetik dillə təsvir edir. Şairə görə, ölüm bir son deyil, bəzən ölümsüzlüyə gedən yolun başlanğıcıdır.
Nəbi Xəzri bu şeirdə insanla ölüm arasında baş verən “sirli döyüşü” təsvir edərək, oxucunu dərin fəlsəfi düşüncələrə aparır. Şair yazır ki, “Torpağa gömülmək dəhşət deyildir, dəhşət diri-diri ölü olmaqdır” - bu fikir onun həyatın mənəvi tərəflərinə verdiyi önəmi, ruhun yaşarlığına inamını göstərir.
Əsərin son misralarında isə o, ölümü belə “ölümsüzlük” qarşısında məğlub görür:
“Ölüm, elə bildin qələbə çaldın,
Ölüm, öləcəksən ölümsüzlüklə!”
Bu misralar Nəbi Xəzrinin humanist dünya görüşünün, insanın mənəvi gücünə və əbədiyyətinə inamının poetik ifadəsidir.

