Dövlət İmtahan Mərkəzi (DİM) dekabrın 13-də Gəncə şəhərində TKT (Teaching Knowledge Test) imtahanı keçirəcək.
Mərkəzdən “Tehsil365”ə bildirilib ki, imtahan DİM-in Gəncə regional bölməsində təşkil olunacaq. İmtahana qeydiyyat oktyabrın 30-dək aparılacaq.
Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi test mərkəzi olan Dövlət İmtahan Mərkəzi ingilis dili müəllimləri üçün bilik və bacarıqları beynəlxalq səviyyədə təsdiq edən TKT (Teaching Knowledge Test) kvalifikasiyasının 1,2,3, YL (Young Learners – azyaşlı öyrənənlərə dilin tədrisi), CLIL (Content and Language Integrated Learning – dilin məzmunla inteqrativ tədrisi)
modulları üzrə imtahan təşkil edir.
Qeyd edək ki, DİM Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi test mərkəzlərindən biri olaraq Kembric ingilis dili üzrə qiymətləndirmə (Cambridge English Qualifications), Kembric ingilis dili üzrə tədris (Cambridge English Teaching) imtahanlarını təklif edir. Dövlət İmtahan Mərkəzi tələb əsasında Kembric ingilis dili üzrə səviyyə testi (Cambridge English Placement Test - CEPT) də keçirir.