Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin binasında AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin rəhbərliyi ilə növbəti müşavirə keçirilib.
AMEA-dan “Tehsil365"ə bildirilib ki, müşavirədə dövlətimizin başçısının “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” Sərəncamından irəli gələrək, akademiyanın 80 illik yubileyi ilə bağlı görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub.
Müşavirədə çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli yubileylə bağlı bu günə kimi keçirilmiş tədbirlər barədə məlumat verib. Diqqətə çatdırıb ki, ilk dəfə olaraq Bakıdan kənarda Qarabağ Universitetində, AMEA-nın Naxçıvan Bölməsində, eləcə də Bakı Dövlət Universitetində akademiyanın yubileyi qeyd olunub. Yubiley münasibətilə ilk dəfə olaraq Vəcihə Səmədova adına sərgi salonunda AMEA əməkdaşlarının rəsm əsərlərindən ibarət sərgi təşkil olunub, tədbir zamanı 4 nəfər Rəssamlar İttifaqına üzv qəbul edilib. Həmçinin bu günlərdə Yeni Azərbaycan Partiyası ilə birgə AMEA-nın 80 illiyinin qeyd olunduğunu, akademiyanın bir sıra əməkdaşlarının partiyaya üzv qəbul edildiyini bildirib. Bundan əlavə, AMEA-nın tarixində ilk dəfə olaraq yubileyinin ölkəmizdən kənarda - qardaş Türkiyənin Ankara şəhərində, eləcə də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Elmlər Akademiyaları prezidentlərinin İstanbul şəhərində keçirilən toplantısında qeyd olunduğunu, bu günlərdə isə AMEA-nın vitse-prezidenti akademik İbrahim Quliyevin iştirakı ilə Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyasının Minskdəki yığıncağında akademiyanın yubileyinin keçirildiyini vurğulayıb.
AMEA rəhbəri, həmçinin yubiley çərçivəsində “Elm” nəşriyyatı tərəfindən bir sıra nəşrlərin – “Azərbaycan Milli Elmlər Akademiyası: Heydər Əliyevdən İlham Əliyevə”, “Azərbaycan Milli Elmlər Akademiyası XX əsrdə tarixi zərurətdən yarandı” kitab və monoqrafiyaların, ikicildlik “Simalar”, “Azərbaycan Milli Elmlər Akademiyası. Tanıtma kitabı”, AMEA-nın təsisçiləri, eləcə də digər görkəmli həqiqi və müxbir üzvlərinin biblioqrafiyaları və s. hazırlandığını söyləyib.
Bununla yanaşı, “AMEA-nın Üzeyir Hacıbəyli döş nişanı”nın, “AMEA-nın Əziz Səncər döş nişanı”nın, “AMEA-nın Yusif Məmmədəliyev döş nişanı”nın və “AMEA-nın Lev Landau döş nişanı”nın təsis olunduğunu xatırladıb.
Həmçinin AMEA-nın 80 illik yubileyi ilə əlaqədar olaraq ilk dəfə süni intellekt texnologiyalarının tətbiq edilməsi ilə təqdimat hazırlandığını və yekun yubiley tədbirində nümayiş etdiriləcəyini bildirib.
Müşavirədə AMEA-nın akademik-katibi akademik Arif Həşimov, Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun direktoru akademik Əli Abbasov, Rəyasət Heyəti aparatının şöbə müdirləri – Sərxan Xavəri, Esmira Əlirzayeva, Ağahüseyn Şükürov, Fariz İmranov və Samir Hüseynov çıxış edərək AMEA-nın 80 illik yubileyinə hazırlıqla bağlı görülən işlər barədə məlumat veriblər.
Sonda çıxış edən akademik İsa Həbibbəyli noyabr ayında keçiriləcək yekun yubiley tədbirinin yüksək səviyyədə qeyd edilməsi ilə bağlı müvafiq tövsiyə və tapşırıqlarını çatdırıb.