Şagirdin uğurlu olması təkcə motivasiyadan deyil, həm də disiplinə sahib olmasından asılıdır. Motivasiya ona istiqamət versə də, davamlı uğur qazanmaq üçün ən vacib amil intizamlı və məqsədyönlü davranmaqdır.
Mövzu haqqında “Tehsil365”ə təhsil eksperti İlkin Məmmədkərimov açıqlama verib. O bildirib ki, şagirdin uğurunda həm motivasiya, həm də intizam (disiplin) çox önəmlidir. Şagirdin istənilən yarışda və ya imtahanda qalib gəlməsi üçün, ilk növbədə onun özünə inamı və daxili motivasiyası olmalıdır. Motivasiya şagirdə məqsəd verir, ona irəli getmək üçün enerji qazandırır. Şagird özünə inandıqda, o, qarşısına çıxan çətinlikləri daha asanlıqla dəf edə bilir.
“Lakin təkcə motivasiya uğur üçün kifayət deyil. Uğurun davamlı olması və düzgün istiqamətdə inkişaf etmək üçün disiplin vacibdir. Disiplin şagirdə vaxtını idarə etməyi, məsuliyyətli davranmağı və məqsədinə sadiq qalmağı öyrədir. Motivasiya bir anlıq hissdir, amma disiplin bu hissin davamlılığını təmin edir.”
O qeyd edib ki, əgər şagird nəzarətsiz və sərbəst buraxılarsa, xüsusilə də indiki dövrdə, onun yanlış istiqamətə yönəlməsi çox asandır. Sosial media, əyləncə və diqqət yayındıran amillər çox olduğu üçün, disiplinin rolu daha da artır. Amma bu, o demək deyil ki, şagirdə sərt davranılmalı və ya ona təzyiq göstərilməlidir.
“Hər şey şagirdin psixologiyasına, xarakterinə və yaşına uyğun formada aparılmalıdır. Müəllim və valideynlər uşağa sevgi ilə yanaşmalı, onu anlayaraq doğru istiqamətə yönləndirməlidirlər. Əgər şagird başa düşərsə ki, intizam onun inkişafı üçündür, o zaman bu prosesi öz istəyi ilə davam etdirəcək.”
Motivasiya uşağın qəlbini oyadır, disiplin isə onu məqsədinə aparır. Uğurlu bir təhsil və sağlam gələcək üçün bu iki amil birlikdə olmalıdır. Lakin birini seçməli olsaq, disiplin motivasiyadan bir qədər üstün sayılır, çünki disiplin itəndə motivasiya da uzunömürlü olmur.
Nəticə olaraq, uşaq özündə həm motivasiya, həm də disiplin formalaşdırdıqda, yalnız dərslərində deyil, həyatının bütün sahələrində uğurlu və məsuliyyətli bir fərd olur.