Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzində V Azərbaycan Astronomiya Olimpiadasının qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Tədbirin məqsədi astronomiyaya marağın artırılması, bu sahənin təhsildə təşviqi və istedadlı şagirdlərin beynəlxalq səviyyədə təmsilçiliyidir.
“Tehsil365” AZƏRTAC-a istinadla xəbər verir ki, qaliblərə medal, diplom və hədiyyələr təqdim olunub. 2016-cı ildən mərkəz və Tusi-Bohm Planetariumunun təşəbbüsü ilə məktəblilər üçün astronomiyayönümlü proqramlar təşkil olunur. Olimpiadada 1200 şagird iştirak edib, final mərhələsində isə 100-dən çox şagird mübarizə aparıb. Nəticədə 7 nəfər birinci, 11 nəfər ikinci, 10 nəfər üçüncü yerə layiq görülüb.
Qaliblər Bakı Dövlət Universiteti və mərkəzin ekspertləri tərəfindən IOAA 2025-ə hazırlıq dərslərinə cəlb olunub, Şamaxı Rəsədxanasında xüsusi düşərgə keçirilib. Azərbaycan komandası 11–21 avqustda Hindistanda baş tutan Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında 2 bürünc və 2 həvəsləndirici mükafat qazanıb.
Olimpiadanın təşkilatçıları Bakı Dövlət Universiteti, Təhsil İnstitutu, Şamaxı Astrofizika Rəsədxanası, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və “Həvəskar Astronomiya Cəmiyyəti” İB-dir.