Gündəlik məsələ ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üçün qəbul imtahanı proqramının müzakirəsi olub.
“Tehsil365” bunu DİM-in məlumatına əsasən xəbər verir.
Seminarda orta ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər və Azərbyacan Milli Elmlər Akademiyasının Elm və Təhsil Nazirliyinin tabeliyində olan institutlarının müvafiq fənlər üzrə mütəxəssisləri iştirak ediblər. Eyni zamanda DİM-in regional bölmələri (Naxçıvan, Gəncə, Şirvan, Lənkəran, Şəki, Bərdə, Xaçmaz, Şəmkir, Göyçay) ilə onlayn bağlantı vasitəsilə həmin bölgələrdəki müəllimlər də müzakirələrə qoşulublar.
Seminarda Metodika və dərsliklərin monitorinqi şöbəsinin müdiri Afiqə Batıyeva iştirakçıları salamlayaraq iş planı haqqında ətraflı məlumat verib. O əlavə edib ki, artıq ötən tədris ilindən I və IV ixtisas qrupları üçün qəbul imtahanı proqramları birləşdirilərək vahid proqram şəklinə salınmışdır. Növbəti tədris ili üçün ali məktəblərə qəbul imtahanlarında kimya fənni üzrə imtahan modellində heç bir struktur dəyişikliyi nəzərdə tutulmayıb. Beləki, qəbul imtahanlarında kimya fənnindən test bloklarında 30 tapşırıqdan 22-si qapalı (verilənlərdən bir doğru cavabın seçilməsi), 5-i açıq tipli (cavabı kodlaşdırıla bilən: 1 seçim, 3 hesablama, 1 uyğunluğu müəyyən etmək) və cavabı yazı ilə ifadə olunan 3 sərbəst tapşırıq və ya 3 tapşırıqlı situasiyadan istifadə ediləcək.
Seminar rəhbəri kimya elmləri doktoru Xəmməd Əsədov qəbul imtahanı proqramı haqqında ətraflı məlumat verib. O iştirakçıların nəzərinə çatdırıb ki, müvafiq fənn kurikulumunun təlim nəticələrinə və məzmun standartlarının tələblərinə uyğun hazırlanmış proqram hələ sentyabr ayından layihə şəklində DİM-in internet səhifəsində yerləşdirilib. Proqramın əsas ədəbiyyat siyahısında dərsliklər göstərilib. Çünki imtahan materialları yalnız dərsliklərə əsaslanır. Əlavə ədəbiyyat siyahısında isə imtahanlara hazırlaşmaq üçün köməkçi materiallar öz əksini tapıb.
Daha sonra qeyd edilən məsələlərlə bağlı müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edilib ki, müzakirələr növbəti həftə davam etdiriləcəkdir.