"Süni intellektin və texnologiyanın inkişafı qarşısında ənənəvi təhsil modeli öz aktuallığını itirirmi?" Təhsil eksperti Məzahir Məmmədli bu məsələ barədə açıqlama verib.
“Tehsil365” xəbər verir ki, ümumi təhsil müəssisələrində süni intellektin və yeni texnologiyaların təsiri getdikcə artır. Lakin ekspertin fikrincə, bu texnologiyalar yaxın illərdə ənənəvi təhsil sistemini tam əvəz edə bilməyəcək.
Məzahir Məmmədli vurğulayır ki, dünyanın bir çox ölkəsində süni intellekt artıq sənaye və əmək bazarında geniş tətbiq olunur. Azərbaycanda da bu sahədə müəyyən addımlar atılır. Bununla belə, süni intellektin tədris sisteminə tam inteqrasiyası üçün hələ vaxt tələb olunur.
Ekspertin qənaətinə görə, süni intellektin təhsil standartlarına real təsiri təxminən 3–5 il ərzində özünü göstərə bilər. O hesab edir ki, bu texnologiyalardan kənarda qalmaq mümkün deyil, çünki dünya sürətlə inkişaf edir və ölkəmiz də bu prosesin ayrılmaz hissəsidir.
“Süni intellekt ənənəvi təhsili tam əvəz edə bilməz”,-deyə ekspert sonda bildirib.