Xaricdə təhsil almaq gənclərə yalnız fərqli biliklər qazandırmır, həm də onların düşüncə tərzini, dünyagörüşünü və gələcək karyera imkanlarını formalaşdırır.
Mövzu haqqında “Tehsil365”ə təhsil eksperti Məzahir Məmmədli açıqlama verib. O qeyd edib ki, xarici ölkələrdə təhsil almaq insanın dünyagörüşünün genişlənməsinə və elmi biliklərinin artmasına böyük təsir göstərir. Bu, fərqli təhsil sistemləri ilə tanış olmağa və yeni düşüncə tərzi formalaşdırmağa imkan yaradır.
“Azərbaycandan xaricə təhsil almaq üçün əsasən üç istiqamət mövcuddur:
birincisi, dövlət proqramı hesabına təhsil alanlar;
ikincisi, beynəlxalq tanınma – yəni SAT proqramı üzrə qəbul olunanlar;
üçüncüsü isə öz hesabına təhsil alanlardır.”
“Öz hesabına gedən tələbələrin Azərbaycan dövləti qarşısında hər hansı öhdəliyi yoxdur. Lakin dövlət proqramı ilə xaricə göndərilən və dövlət tərəfindən maliyyələşdirilən tələbələr təhsillərini başa vurduqdan sonra ən azı üç il ölkədə işləmək öhdəliyini daşıyırlar.”
O bildirib ki, məşğulluq baxımından da xaricdə təhsil almağın üstünlükləri var. Belə ki, Avropa, Qərb ölkələri və Türkiyədə təhsil almış gənclər Azərbaycana qayıtdıqda yerli universitet məzunlarına nisbətən daha tez iş tapırlar. Bunun əsas səbəbi kimi, yerli kadr hazırlığının əmək bazarının tələblərinə tam cavab verməməsi göstərilir.
Nəticə olaraq, bu səbəbdən xaricdə təhsil almaq həm şəxsi inkişaf, həm də peşəkar gələcək baxımından daha üstün hesab edilir.