Müasir dövrdə təhsil sisteminin əsas hədəfi təkcə bilik ötürmək deyil, həm də bu bilikləri tətbiq edə bilən, yaradıcı və düşünən gənclər yetişdirməkdir. Bu baxımdan dərsliklərin məzmunu, dizaynı və tədrisə yanaşma forması mühüm əhəmiyyət daşıyır.
Mövzu ilə bağlı fikirlərini “Tehsil365”ə açıqlayan təhsil eksperti Rizvan Fikrətoğlu, Azərbaycan dərsliklərinin hazırkı vəziyyətini təhlil edib və onların müasir tələblərə nə dərəcədə cavab verdiyini dəyərləndirib.
“Dərsliklər baza biliklərini verir, amma müasir tələblərə cavab tam deyil”
Ekspertin sözlərinə görə, hazırda istifadə olunan dərsliklər müəyyən qədər baza biliklərini ötürməyə qadirdir, lakin müasir dövrün tələbləri baxımından bu kifayətli hesab edilə bilməz:
“Dərsliklərdə üstün cəhətlər var, çünki onlar standartlaşdırılıb və müəyyən çərçivədə tərtib olunur. Bu, ölkədə vahid təhsil məkanının qorunmasına imkan yaradır. Amma biliklərin həcmi ilə səviyyə arasında balans tam gözlənilmir. Bəzi dərsliklər çox nəzəri və informasiya yüklüdür, praktik və düşünməyə sövq edən tapşırıqlar isə azdır.”
“Şagirdlər əzbərləyir, amma düşünməyə öyrənmir”
Rizvan Fikrətoğlu qeyd edir ki, hazırkı dərsliklərdə yaradıcı və tənqidi düşünmə bacarıqları üçün kifayət qədər imkan yaradılmır:
“Şagirdlər informasiyanı əzbərləyir, amma onun üzərində düşünməyə, tətbiq etməyə öyrənmir. Bu, dərsliklərin ən ciddi çatışmazlıqlarından biridir. İllustrasiya və dizayn baxımından da bəzi dərsliklər köhnə tərtibatlıdır və müasir uşaqların marağına cavab vermir.”
“Milli və qlobal biliklər arasında tarazlıq pozulub”
Ekspert əlavə edir ki, dərsliklərdə milli dəyərlərlə qlobal biliklərin uyğunlaşdırılması məsələsində də balans tam qorunmur:
“Bəzən milli mövzular çoxluq təşkil edir, amma müasir dünya təcrübəsi, innovativ yanaşmalar, XXI əsr bacarıqları az əks olunur. Halbuki, müasir təhsil bu iki istiqaməti birləşdirməlidir.”
“Dərsliklər interaktiv və rəqəmsal mühitə uyğunlaşdırılmalıdır”
Fikrətoğlu hesab edir ki, gələcək dərsliklər rəqəmsal texnologiyalarla inteqrasiya olunmalıdır:
“Dərsliklər daha interaktiv olmalı, QR kodlarla video izahlar, təcrübə tapşırıqları əlavə edilməlidir. Beləcə, öyrənmə prosesi həm maraqlı, həm də səmərəli olar. Eyni zamanda beynəlxalq təcrübədən istifadə vacibdir — məsələn, Finlandiya və Sinqapur kimi ölkələrin dərslik modelləri bizə çox şey öyrədə bilər.”
Ekspertin fikrincə, Azərbaycan dərslikləri “pis deyil”, lakin müasir çağırışlara tam cavab vermir. Onlar məlumat verir, lakin “bilikdən bacarığa keçidi” tam təmin edə bilmir.