Tokio Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, melanin piqmentinin istehsalına cavabdeh olan hüceyrələr DNA-nın zədələnməsi zamanı fərqli davranış nümayiş etdirə bilirlər: bəzi hüceyrələr məhv olur və bu, saçların ağarmasına səbəb olur, digərləri isə qorunub saxlanılır - lakin bu, melanoma (dəri xərçəngi) riskini artırır.
“Tehsil365” xəbər verir ki, araşdırmanın nəticələri "Nature Cell Biology" jurnalında dərc olunub.
Alimlər melanosit kök hüceyrələrinin - yəni piqment hüceyrələrinin sələflərinin DNA zədələnməsinə necə reaksiya verdiyini və bu reaksiyanın dəri xərçəngi riskinə necə təsir etdiyini öyrəniblər. Əvvəllər sübut olunub ki, stres və yaşlanma saçların ağarmasına səbəb olur, eyni zamanda onkoloji xəstəliklərin yaranma ehtimalını artırır. Bu səbəbdən tədqiqatçılar həmin proseslər arasında bioloji əlaqənin mövcud ola biləcəyini fərz ediblər.
Siçanlar üzərində aparılan təcrübələr göstərib ki, DNA-nın ikili zəncir qırılmaları zamanı melanosit kök hüceyrələri differensiasiya adlanan yaşlanma ilə bağlı prosesi başladır. Bu proses onların tükənməsinə və nəticədə piqment itkisinə - yəni saçların ağarmasına gətirib çıxarır. Bununla belə, bu zaman orqanizm melanomadan qorunur, çünki zədələnmiş hüceyrələr bölünməyi dayandırır.
Lakin kanserogenlərin təsiri zamanı qorunma mexanizmi pozulur: differensiasiya bloklanır və kök hüceyrələr hətta zədələnmiş DNA ilə belə özünü yeniləməyə davam edirlər. Nəticədə, onlarda mutasiyaları toplaya və şişlər əmələ gətirə bilərlər.
"Eyni kök hüceyrə populyasiyası stres növündən və ətraf mühit siqnallarından asılı olaraq əks dəyişikliklərə məruz qala - ya yox ola, ya da çoxala bilər", - tədqiqata rəhbərlik edən professor Nisimura izah edib.
Tədqiqatçılar vurğulayırlar ki, saçların ağarması birbaşa xərçəngdən qorumur, lakin yaşlanma və bədxassəli şişə çevrilmə riski arasında balansı qoruyub saxlayan hüceyrə mexanizmlərinin işini əks etdirir.

