Bülbülün Memorial Muzeyinin təqdim etdiyi "Bülbülün qonaqları" layihəsi görkəmli tarzən, Azərbaycanın ilk Xalq artisti Qurban Pirimovun 145 illiyinə həsr olunub.
“Tehsil365” xəbər verir ki, tədbiri giriş sözü ilə açan muzeyin direktoru Fərqanə Cabbarova Bülbüllə Qurban Pirimovun sıx dostluq və yaradıcılıq əlaqələrindən söhbət açıb. O, görkəmli tarzənin Azərbaycan musiqi tarixində, muğam və xalq mahnılarının bu günümüzə gəlib çıxmasında böyük xidmətləri olduğunu vurğulayıb.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru Alla Bayramova da Qurban Pirimovun həyat və yaradıcılığı ilə bağlı çıxış edib.
Tədbirdə Bülbül adına orta ixtisas musiqi məktəbi və Şövkət Ələkbərova adına 20 nömrəli musiqi məktəbinin şagirdlərinin ifasında muğam və xalq mahnıları səsləndirilib.

