Suveren dövlət, vətənpərvər gənclik” devizi ilə öz işini uğurla davam etdirən “Səyyar Gənclər Xidməti” layihəsi 20-24 oktyabr tarixlərində Quba gəncləri üçün yeni imkanlar yaradıb.
“Tehsil365”xəbər verir ki,layihə Quba gənclərinin dövlət dəstək mexanizmləri barədə məlumatlılığını artırmaqla yanaşı, onların liderlik bacarıqlarını, yaradıcılıq potensialını və vətəndaş məsuliyyətini gücləndirməyə xidmət edib.
Qubada təşkil olunan layihənin açılış mərasimində çıxış edən Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abasova, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Baş direktoru Azər Əliyev və “Gənc Könüllülər” İctimai Birliyinin sədri Ayxan Allahverdiyev çıxış edərək bu cür layihələrin regionlarda yaşayan gənclərin inteqrasiyasına, dövlətçilik dəyərlərinə bağlılığının gücləndirilməsinə və şəxsi inkişafına verdiyi töhfəni yüksək qiymətləndiriblər.
Layihənin 5 günlük proqramı müddətində Quba rayonunun gəncləri “Rəqəmsal düşüncə”, “Təhsil və karyera”, “Yaradıcı gənclik”, “Vətənpərvər gənclik”, “Suveren gənclər” və “Əyləncə” adlı zonalarda keçirilən interaktiv və təcrübəyə əsaslanan müxtəlif fəaliyyətlərdə aktiv iştirak ediblər. Hər zonada təşkil olunan interaktiv fəaliyyətlər, intellektual yarışlar və master-klaslar gənclərin yaradıcılıq qabiliyyətlərini üzə çıxarmağa və komanda bacarıqlarını gücləndirməyə imkan yaradıb. Layihə boyunca iştirakçılar sağlam həyat tərzinin təşviqi, narkomaniyaya qarşı mübarizə, rəqəmsal savadlılığın artırılması, innovativ düşüncə tərzinin formalaşdırılması, eləcə də təhsil və karyera planlaması istiqamətində maarifləndirici sessiyalarda biliklərini zənginləşdiriblər. Bununla yanaşı, təlimçilər ilə dialoq şəklində keçirilən sessiyalar gənclərə onları maraqlandıran suallar üzrə ətraflı məlumat almağa və müvafiq sahələrdə praktiki biliklərini dərinləşdirməyə şərait yaradıb. Layihə çərçivəsində təşkil edilən fəaliyyətlər sırasında Vətən müharibəsi iştirakçıları ilə keçirilən görüşlər gənclər üçün xüsusi əhəmiyyət kəsb edib.
Xatırladaq ki, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Gənc Könüllülər” İctimai Birliyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin tərəfdaşlığı ilə 5 avqustdan tarixindən icra olunan Səyyar Gənclər Xidməti bugünədək Cəbrayıl, Ağdam, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Qax, Zaqatala, Balakən və Şəki rayonlarında uğurla həyat keçirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması çərçivəsində həyata keçirilən bu layihə ölkə gəncliyi arasında dövlət suverenliyi və müstəqillik kimi fundamental anlayışların daha dərindən mənimsənilməsinə, tarixi Zəfərimizin mahiyyətinin yeni nəslə aşılanmasına, eləcə də mövcud gənclər siyasətinə uyğun olaraq gənclərin intellektual potensialının inkişafına xidmət edir.

