Bakı Dövlət Universiteti (BDU), Yeni Azərbaycan Partiyası (YAP) və Qərbi Azərbaycan İcmasının (QAİ) birgə təşkilatçılığı ilə BDU-nun professoru olmuş görkəmli alim və ictimai-siyasi xadim Səfyar Musayevin 90 illik yubileyinə həsr edilən respublika elmi konfransı keçirilib.
“Tehsil365” “AZƏRTAC”a istinadla xəbər ki, “Səfyar Musayevin ictimai-siyasi və elmi-pedaqoji fəaliyyəti” mövzusunda konfransın açılışında rektor Elçin Babayev çıxış edib. O, professor Səfyar Musayevin Azərbaycan tarix elminin inkişafında mühüm rol oynayan görkəmli alimlərdən biri olduğunu bildirib. Qeyd edib ki, o, uzun illər ərzində elmi-tədqiqat fəaliyyəti ilə yanaşı, pedaqoji sahədə də fədakarlıq göstərib, universitetdə tarix elminin sistemli şəkildə tədris olunmasına və inkişafına böyük zəhmət sərf edib. Onun rəhbərliyi ilə 25 nəfər namizədlik, 5 nəfər isə doktorluq dissertasiyası müdafiə edib. Səfyar Musayevin elmi tədqiqatları təkcə respublikamızda deyil, onun hüdudlarından kənarda da tanınır.
Rektor Elçin Babayev professorun hər zaman yüksək vətəndaş mövqeyi nümayiş etdirərək Yeni Azərbaycan Partiyasının yaradılmasında və təşəkkül tapmasında fəal iştirak etdiyini vurğulayıb: “1995-ci ildə müstəqil Azərbaycanın ilk parlamentinə deputat seçilən Səfyar Musayev ölkəmizdə insan hüquqlarının qorunması, hüquqi dövlətin yaradılması və müvafiq qanunvericilik aktlarının hazırlanması işlərində xidmətlər göstərib. Bütün ömrünü Ümummilli Lider Heydər Əliyev ideyalarına sədaqətli xidmətlə keçirən istedadlı alim, vətənpərvər insan Səfyar Musayevin əziz xatirəsi daim yaşayacaq”.

