Müasir təhsil sistemində ən çox tənqid edilən məsələlərdən biri – əzbərçiliyə əsaslanan öyrənmə üsuludur. Araşdırmalar göstərir ki, sadəcə əzbərləmə yolu ilə öyrənilən məlumatlar uzun müddət yadda qalmır və real həyatla əlaqələndirmək çətinləşir.
"Tehsil365" xəbər verir ki, artıq bir çox müəllim və təhsil ekspertləri əzbərçiliyi deyil, anlayaraq və praktik yollarla öyrənməni təşviq edir.
Əzbərçiliyi aradan qaldırmaq üçün effektiv üsullar:
1. Məlumatı vizuallaşdırmaq: Xəritələr, diaqramlar, şəkillər və qrafiklər beynin məlumatı daha tez qavramasına kömək edir.
2. Öz sözlərinlə izah et: Öyrəndiyin məlumatı başqasına öz sözlərinlə danışmaq yaddaşı gücləndirir.
3. Sual-cavab metodu: Özünə suallar verərək cavab tapmağa çalışmaq öyrənməni aktiv edir.
4. Real nümunələrlə əlaqələndir: Məlumatı gündəlik həyatdakı hadisələrlə bağlamaq öyrənməni mənalı edir.
5. Qısa fasilələrlə təkrar et: Uzun saatlar əzbərləmək yerinə, aralıqlarla təkrar etmək yaddaşı gücləndirir.
6. Texnologiyadan istifadə et: Təhsil videoları, interaktiv proqramlar və oyunlar marağı artıraraq öyrənməni asanlaşdırır.
Mütəxəssislər bildirirlər ki, anlayaraq öyrənmə, həm biliklərin daha uzun müddət yadda qalmasına, həm də onları müxtəlif sahələrdə tətbiq etməyə şərait yaradır. Azərbaycanda da təhsil sistemində bu yanaşmanın geniş yayılması üçün islahatlara ehtiyac olduğu vurğulanır.

