Beynəlxalq Cüdo Federasiyasının (IJF) saytında Azərbaycanın gələn il dünya çempionatına ev sahibliyi edəcəyi barədə məqalə dərc olunub.
“Tehsil365“ “AZƏRTAC”a istinadla xəbər verir ki, yazıda Bakının mundialı qarşılamağa hazırlaşdığı, mötəbər yarışın oktyabrın 4–11-də keçiriləcəyi bildirilib.
Qeyd olunub ki, bu il Macarıstanın paytaxtı Budapeştdə baş tutan dünya çempionatından sonra daha bir böyük cüdo mərkəzi – Bakı dünyanın diqqət mərkəzində olacaq: “Dünya səviyyəli idmançılar yetişdirməsi ilə tanınan Azərbaycan 2026-cı ildə yenidən dünya cüdosunun paytaxtı olacaq. Bakı son olaraq 2018-ci ilin sentyabrında bu yarışa ev sahibliyi etmiş, həmin turnir möhtəşəm ab-havası və yüksəksəviyyəli çıxışlarla yadda qalmışdı”.
Məqalədə IJF-in rəhbəri Marius Vizer və Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyevin fikirlərinə də yer verilib.

