Bəzən ola bilər: Ədalət hər kəsə bərabər yanaşmaq istəyərkən, empatiya fərdi hissləri nəzərə alır və bu iki hiss toqquşa bilər.
Psixoloq Aynur İsgəndərova “Tehsil365”e saytına açıqlamasında bildirir ki, ədalət anlayışı hər bir insana görə fərqli ola bilər. İnsanların həyat təcrübəsi, şəraiti və dünyagörüşü onların ədaləti necə qəbul etmələrinə birbaşa təsir göstərir. Hər kəsin içində formalaşmış fərdi ədalət anlayışı mövcuddur. Bu səbəbdən bəzən insanların empatiya ilə ədalət hissi bir-birinə uyğun gəlmir, hətta ziddiyyət təşkil edə bilər.
Empatiya qarşı tərəfin hisslərini və vəziyyətini anlamaq, özünü onun yerinə qoymaqdır. Amma bəzən empatlıq göstərərkən ədalətdən uzaqlaşmaq mümkündür:
“Yaxın bir insana doğru olanı demək əvəzinə, onu incitməmək üçün ya yalan deyirik, ya da həqiqəti gizlədirik. Bu, empatiyadan doğsa da, ədalətli davranış sayılmır. Həqiqəti demək ədalətin tələbidir, amma empatiya buna mane ola bilər. Yalan danışmaq necə ədalətsizlikdirsə, doğrunu gizlətmək də bir növ ədalətsizlikdir” deyə İsgəndərova qeyd edir.

