Çağdaş Azərbaycan ədəbiyyatının gənc nümayəndələrindən biri olan Amid Səlimoğlu (Səlimzadə) həm nəsr, həm də psixoloji detektiv janrında qələmə aldığı əsərlərlə oxucuların rəğbətini qazanıb.
“Tehsil365” xəbər verir ki, O, 17 noyabr 1993-cü ildə Bakı şəhərində anadan olmuş, Bakı Dövlət Universitetinin Fəlsəfə fakültəsini bitirmiş, hazırda isə Xəzər Universitetində magistr təhsilini davam etdirir.
Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Səlimoğlu yazıçılıq fəaliyyətinə məktəb illərindən başlasa da, onun ilk romanı olan “Qaranlıqdan işığa” 2017-ci ildə işıq üzü görüb. Əsər sovet dövründə kənd həyatını əks etdirir.
Ən çox diqqət çəkən əsərlərindən biri isə “Sən axı kimsən?!” adlı psixoloji-povest janrındadır. Bu əsər Wattpad platformasında da yerləşdirilərək geniş oxucu kütləsi tərəfindən maraqla qarşılanıb. Yazıçının özünəməxsus üslubu və insan psixologiyasına dərindən nüfuz etməsi onun bu sahədə fərqlənməsinə səbəb olub.
Bundan başqa, onun “Kimsəsiz”, “44 gün”, “Bəyaz dəhliz”, “Malavarın hekayəsi”, “Yazıçı” və digər əsərləri də oxucular tərəfindən sevilir. “44 gün” povesti isə II Qarabağ müharibəsinə həsr olunmuş ilk nəsr əsərlərindən biri kimi xüsusilə önəmlidir.

