Azərbaycan ədəbiyyatında gənclər üçün maraqlı detektiv janrında əsərlər nadir hallarda rast gəlinir.
“Tehsil365” xəbər verir ki, 2021-ci ildən yazılmağa başlayan “Cümşüdova Gülbadam”ın “Detektiv Alia” əsəri bu sahədə diqqətəlayiq yenilik olaraq ortaya çıxıb. Hazırda yazılmaqda davam edən bu roman oxucular arasında böyük rəğbət qazanıb və hər yeni fəsli səbirsizliklə gözlənilir.
Əsərin əsas qəhrəmanı Alia adlı gənc və ağıllı detektivdir. Həyatını dəyişdirən bir iş təklifindən sonra Alia özünü yeni macəraların və təhlükələrin içində tapır. O, bu yolda yeni dostlar qazanır, eyni zamanda qarşısına çıxan yeni düşmənlərlə mübarizə aparır. Roman boyunca Alianın həyatında baş verən dəyişikliklər, onun məntiqi və müşahidə qabiliyyəti ilə həll etdiyi sirrlər oxucuları ekran qarşısında saxlayır.
“Detektiv Alia” əsəri Azərbaycan dilində məşhur Wattpad platformasında, ingilis dilində isə Dream me platformasında yayımlanır. Bu iki platformada oxucular əsərə asanlıqla daxil ola və ən son fəsillərlə tanış ola bilirlər. Müəllif Cümşüdova Gülbadam əsər üzərində aktiv işləyir və yeni fəsillərin tezliklə təqdim olunacağı vədini verir.
Roman həm əyləncəli, həm də maarifləndirici üslubu ilə diqqət çəkir. O, gənc oxuculara ədalət, dostluq, cəsarət kimi dəyərləri aşılayır, eyni zamanda məntiqi düşüncəni və analitik qabiliyyətləri inkişaf etdirməyə yönəlir.
“Detektiv Alia” oxucular üçün macəra və sirr dolu, eyni zamanda Azərbaycan ədəbiyyatında fərqli bir nəfəs kimi çıxış edir. Bu əsər gənc yazıçıların potensialını və detektiv janrının uğurla Azərbaycan dilində təqdim olunmasının nümunəsidir.

