“Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ Duy” (Fly to Baku. Art Weekend. Sense the Future NOW) layihəsi çərçivəsində Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında “Nə qədər kifayətdir?” adlı inklüziv rəqs tamaşası təqdim olunub.
“Tehsil365” AZƏRTAC-a istinadla xəbər verir ki, tədbirdə layihənin təşəbbüskarı, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin direktoru Leyla Əliyeva iştirak edib.
“DanceAbility Azerbaijan” kollektivinin hazırladığı teatr-rəqs performansı COP29 ərəfəsində ekoloji və sosial çağırışlara bədii cavab kimi təqdim olunub. Tamaşa insanların gündəlik istehlak vərdişlərinin planetə təsirini araşdırır.
Kollektivin direktoru Nigar Sultanova bildirib ki, əsər iqlim dəyişikliyi və ətraf mühitə dair ictimai diqqət fonunda yaranıb. “Altı ay ərzində truppamızla planetə qayğı göstərməyin bizim üçün nə demək olduğunu müzakirə etdik,” – deyə o vurğulayıb.
İdeya iştirakçıların şəxsi hekayələrinə əsaslanır. Araşdırmalar göstərib ki, dünyada hər il 92 milyon ton tekstil tullantısı yaranır və insanlar orta hesabla 36 faiz az geyim geyinir. Bu faktlar tamaşanın istehlak mədəniyyəti və davamlı inkişafa həsr olunmasına səbəb olub.
Tamaşa insan, istehlak və su kimi həyati resurslar arasındakı əlaqəni göstərərək davamlı inkişaf və dövri iqtisadiyyat ideyalarını təşviq edir.
Sonda Nigar Sultanova layihəyə dəstəyə görə Heydər Əliyev Fonduna və Leyla Əliyevaya təşəkkür edib.
Qeyd edilib ki, 2017-ci ildə yaradılan “DanceAbility Azerbaijan” inklüzivlik, bərabərlik və müxtəliflik dəyərlərinin təşviqinə töhfə verir.

