Azərbaycan Texniki Universitetində Azərbaycan Respublikası Təhsil Cəmiyyəti İctimai Birliyinin (TCİB) 35 illik yubileyi qeyd olunub.
“Tehsil365” AZƏRTAC-a istinadla xəbər verir ki, tədbir Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin anılması ilə başlayıb.
Təhsil Cəmiyyəti İdarə Heyətinin sədri Murad Ağalarov Cəmiyyətin yaranma tarixi, məqsədləri və 35 il ərzində həyata keçirilən layihələrdən danışıb. O, təhsilin keyfiyyətinin artırılması, müəllim və tələbələrin inkişafına dəstək, maarifçilik ənənələrinin gücləndirilməsini əsas missiya kimi qeyd edib.
Elm və Təhsil Nazirliyinin nümayəndəsi Səbuhi Rzazadə Cəmiyyətin tədris keyfiyyətinə və müəllimlərin peşəkar inkişafına verdiyi töhfələri vurğulayıb və gələcək fəaliyyətində uğurlar arzulayıb.
Professor Fuad Məmmədov Təhsil Cəmiyyətinin təhsil və mədəniyyətin inkişafında, gənclərdə mənəvi dəyərlərin formalaşmasında rolundan söz açıb.
Polis Akademiyasının rəisi adından çıxış edən Elçin Orucov Cəmiyyətin 35 illik yubileyinin Zəfər Günü ərəfəsinə təsadüf etdiyini bildirib, gənclərdə vətənpərvərlik və vətəndaş məsuliyyəti hissinin gücləndirilməsində təşkilatın fəaliyyətini yüksək qiymətləndirib.
Cəmiyyətin keçmiş sədr müavini Ağalar Əliyev qurumun 1990-cı illərdəki fəaliyyətindən və təhsilə verdiyi dəstəkdən danışıb.
Tədbirdə video təqdimat nümayiş olunub, bədii hissə ilə davam edib. Sonda fəal üzvlərə fəxri fərmanlar, yeni üzvlərə vəsiqələr təqdim olunub.

