Bu gün İsveçin paytaxtı Stokholmda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.
“Tehsil365” AZƏRTAC-a istinadla xəbər verir ki, İsveç–Azərbaycan Birliyinin (SAF) təşkilatçılığı və Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə keçirilən tədbirdə diplomatik nümayəndəliklərin əməkdaşları, Azərbaycan və türk icmalarının təmsilçiləri iştirak ediblər.
Tədbir Azərbaycan və İsveç dövlət himnlərinin səsləndirilməsi, şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Birliyin sədri Sevda Dadaşova bildirib ki, beş il əvvəl Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, şəhidlərimizin və qazilərimizin fədakarlığı ilə torpaqlarımız azad olunub. O qeyd edib ki, “Qarabağda tikilən hər ev, məktəb və əkilən hər ağac yeni həyatın rəmzidir.”
Diasporla İş üzrə Dövlət Komitəsinin Koordinasiya Şurasının nümayəndəsi Ayda Əmir Haşimi vurğulayıb ki, Zəfər Günü xalqımızın sülhə, sevgiyə və yaşama haqqına olan inamını simvolizə edir. Onun sözlərinə görə, Prezident İlham Əliyevin uzaqgörən siyasəti regionda sabitlik və dialoqu təmin edir.
Ölkəmizin İsveçdəki səfirliyinin birinci katibi Əsgər Nağıyev isə qeyd edib ki, Zəfər Günü Azərbaycan xalqının birliyi və haqq mübarizəsinin təntənəsini ifadə edir.
Tədbir musiqi proqramı ilə davam edib. Pianoçular Aynur Məlikova, Vüsalə Bağırova, tarzən Fərid Xankişiyev və opera müğənnisi Jacques Radinson Azərbaycan musiqilərini ifa ediblər. “Qarabağ” məktəbinin şagirdləri “Uzundərə” və “Şuşanın dağları” rəqsləri ilə çıxış ediblər.

