Astanada Qazaxıstanın aparıcı ali təhsil müəssisələrindən biri olan Satbayev adına Qazax Milli Texniki Tədqiqat Universitetinin yeni filialının açılış mərasimi keçirilib.
“Tehsil365” xəbər verir ki,tədbirdə Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev də iştirak edib.
Açılış mərasimində Qazaxıstan Respublikasının Elm və Ali Təhsil Nazirliyinin nümayəndələri, dövlət qurumlarının rəsmiləri, ali təhsil müəssisəsinin rəhbərləri və sənayeyönümlü təşkilatların təmsilçiləri iştirak ediblər. Mərasimdə çıxış edən natiqlər yeni filialın fəaliyyətə başlamasını Qazaxıstanın elmi-texnoloji inkişafına və regionda innovasiya yönümlü təhsil mühitinin formalaşmasına mühüm töhfə kimi dəyərləndiriblər.
Yeni filialın yaradılması Qazaxıstanın ali təhsil sisteminin gücləndirilməsinə, müasir texnoloji bacarıqlara malik mütəxəssislərin hazırlanmasına və beynəlxalq elmi əməkdaşlığın genişlənməsinə mühüm töhfə verəcək.

