2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Vətən müharibəsi otuzillik işğala son qoyan parlaq Qələbə ilə nəticələndi.
Bu gün tarixə haqq savaşımızın 38-ci günü kimi daxil olub.
“Tehsil365" xatırladır ki, 3 noyabr 2020-ci ildə döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd, Zəngilan və Qubadlı istiqamətlərində davam edib.
Düşmənin xeyli sayda canlı qüvvəsi, dörd BM-21 "Qrad" yaylım atəşli reaktiv sistemi, bir KUB zenit-raket kompleksi, pilotsuz uçuş aparatı, doqquz müxtəlif tipli topu və iki sursatla dolu yük maşını sıradan çıxarılıb. Eləcə də, Ermənistanın xeyli sayda şəxsi heyət və döyüş texnikası məhv edilib.
Zəngilan rayonu istiqamətində Ermənistan ilə dövlət sərhədində düşmənin kəşfiyyat-diversiya qrupu zərərsizləşdirilib. Düşmənin snayper qrupu və əlahiddə zirehli tank taborunun komandiri məhv edilib.
Ermənistanın yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində sentyabrın 27-dən noyabrın 3-dək 91 mülki şəxs həlak olub, 405 nəfər xəsarət alıb, 2488 ev, 97 yaşayış binası və 461 mülki obyekt yararsız vəziyyətə düşüb.

