Azərbaycan Dillər Universitetində (ADU) Beynəlxalq Münasibətlər kafedrasının təşəbbüsü ilə “Konstitusiya və Suverenlik ili” çərçivəsində “Postmünaqişə dövrü üçün hüquqi tənzimləmə: problemlər və perspektivlər” mövzusunda tədbir keçirilib.
“Tehsil365” bildirir ki, tədbiri giriş sözü ilə Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin dekanı, professor İbrahim Kazımbəyli açaraq iştirakçıları və xüsusi qonaqları təqdim edib. Tədbirin xüsusi qonağı Azərbaycan Respublikası Milli Məclisinin deputatı, professor Nizami Səfərov olub.
Professor Nizami Səfərov öz çıxışında Azərbaycan-Ermənistan postmünaqişə dövründə sülh prosesinin başlanması, 8 avqust tarixində Vaşinqtonda imzalanan sənədin paraflanması və əldə edilən nailiyyətlər barədə ətraflı məlumat verib. O, Azərbaycanın beynəlxalq hüquqa daim sadiq qaldığını, lakin beynəlxalq institutların mexanizmlərindəki zəifliyin bəzi problemlərin həllini çətinləşdirdiyini vurğulayıb. Həmçinin bu məsələlərin həllində Ali Baş Komandanın rəhbərliyi və Müzəffər Ordunun qəhrəmanlığının roluna toxunub.
Tədbirdə, həmçinin erməni hərbi cinayətkarlarının beynəlxalq hüquqa zidd olaraq cəzasız qalması, beynəlxalq təşkilatların ikili standartlara əsaslanan siyasəti də müzakirə olunub.
Görüş professor-müəllim heyəti və tələbələrin fəal iştirakı, sual-cavab və müzakirələrlə yadda qalıb.

