Azərbaycan Dillər Universitetinin (ADU) Psixologiya və Pedaqogika kafedrasının müəllimi Natavan Cəfərli 15–29 oktyabr tarixlərində Ege Universitetində Orhun Mübadilə Proqramı çərçivəsində elmi–tədris fəaliyyətində iştirak edib.
“Tehsil365” bildirir ki, proqramın ilk günündə Təhsil fakültəsinin Tətbiqi Araşdırmalar Mərkəzinin müdir müavini Doç. Dr. Esra Kanlı Denizci ilə görüş keçirilib və qarşılıqlı əməkdaşlıq istiqamətləri müzakirə olunub.
Daha sonra Natavan Cəfərli Xüsusi təhsil ixtisası üzrə təhsil alan tələbələr üçün mühazirələr səsləndirib. Mühazirələrdə Azərbaycan Dillər Universitetinin ilk fəaliyyətə başladığı zamandan Türk dünyasındakı yeri, beynəlxalq əlaqələri və missiyası barədə məlumat verilib. Bununla yanaşı, o, həmin ixtisas üzrə dərslərdə dinləyici kimi iştirak edərək təcrübə mübadiləsi aparıb.
21 oktyabrda Şəhid Hüseyn Dalgılıç Xüsusi Təhsil Təcrübə məktəbinə səfəri baş tutub. Məktəbin müdir müavini tərəfindən müəssisənin fəaliyyəti və təhsil mühiti barədə ətraflı təqdimat edilib, müəllimlərlə tanışlıq keçirilib.
Bundan əlavə, səfər müddətində Natavan Cəfərli İzmirdə keçirilən İZKİTAPFEST kitab sərgisində də iştirak edib, yazıçı və şairlərlə ədəbi söhbətlər aparılıb.
24 oktyabrda BTZ Turan Akademiyasının təşkil etdiyi “Beynəlxalq Sağlıq Bilimləri və Təcili Sağlıq Xidmətləri” konqresində iştirak edib və tezisi konfrans materiallarında dərc olunub.
Proqramın sonunda Natavan Cəfərli Orhun Mübadilə Proqramını uğurla tamamladığına görə Ege Universitetinin rektor köməkçisi Prof. Dr. Mehmet Ersan tərəfindən “İştirak Sertifikatı” ilə təltif edilib.
Bu iştirak həm Azərbaycan–Türkiyə əlaqələrinin möhkəmlənməsi baxımından əhəmiyyətli olmuş, həm də Natavan Cəfərlinin peşəkar bacarıqlarının genişlənməsinə, elmi və şəxsi inkişafına yeni imkanlar açmışdır.

