BMT-nin Uşaq Fondu UNICEF qlobal təhsil maliyyəsindəki azalmanın ciddi nəticələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.
“Tehsil365” xəbər verir ki, Qurumun məlumatına görə, hazırkı tendensiya davam edərsə, 2026-cı ilədək əlavə 6 milyon uşaq məktəbdən kənarda qala bilər.
UNICEF qeyd edir ki, xüsusilə münaqişə bölgələri, yoxsul ölkələr və humanitar böhran yaşayan ərazilərdə təhsilə ayrılan vəsaitin azalması gənc nəsillərin gələcəyini təhlükə altına salır. Qurum hökumətləri və beynəlxalq donorları təhsilə daha çox investisiya qoymağa çağırır.
UNICEF-in sözçüsü bildirib: “Təhsil yalnız hüquq deyil, həm də cəmiyyətlərin davamlı inkişafının əsas şərtidir. Əgər indi tədbir görməsək, itirilən nəslin qarşısını ala bilmərik.”
Mütəxəssislər vurğulayırlar ki, təhsilə ayrılan vəsaitdə azalma təkcə məktəblərin bağlanmasına deyil, həm də müəllim çatışmazlığına, dərs ləvazimatlarının olmamasına və keyfiyyətli təhsilin zəifləməsinə səbəb ola bilər.

