Bu günə qədər aparılan və təxminən 14 milyon uşağın iştirak etdiyi ən böyük tədqiqat göstərib ki, COVID-19-a yoluxma vaksinasiyadan fərqli olaraq, ürək və damar sistemində daha ciddi iltihablara səbəb olur.
‘’Tehsil365’’ xəbər verir ki, araşdırma Kembric, Edinburq və London Universitet Kollecinin alimləri tərəfindən "Health Data Research UK"in dəstəyi ilə aparılıb və nəticələr "The Lancet Child & Adolescent Health" jurnalında dərc edilib.
2020-2022-ci illər ərzində 18 yaşadək uşaqların tibbi qeydlərinin təhlili göstərib ki, COVID-19 keçirdikdən sonra miokard, perikardit və tromboz riski ilk həftələrdə ən yüksək səviyyədə olub və 12 ay ərzində yüksək olaraq qalıb.
Vaksinasiyadan sonra isə ürək iltihabı riskində yalnız təxminən dördhəftəlik qısamüddətli artım müşahidə edilib, daha sonra göstəricilər normallaşıb.
Alimlərin hesablamalarına görə, xəstəliyi keçirən hər 100 min uşaqdan orta hesabla 2.24-də ürək iltihabı aşkarlanıb, peyvənd olunanlarda isə bu göstərici cəmi 0.85 hal təşkil edib.
Tədqiqat müəlliflərinin sözlərinə görə, peyvənddən sonra müşahidə edilən fəsadlar çox nadir hallarda baş verir və qısa müddətdə keçib gedir, COVID-19-un nəticələri isə daha ciddi və uzunmüddətli olur.
Beləliklə, alimlər bu qənaətə gəliblər ki, vaksinasiya deyil, məhz infeksiyanın özü uşaq və yeniyetmələrin ürək-damar sağlamlığı üçün daha böyük təhlükə yaradır. Onlar bildirirlər ki, əldə edilən nəticələr peyvəndlərlə bağlı geniş yayılmış narahatlıqları təkzib edir və onların təhlükəsizliyini bir daha təsdiqləyir.

