İnsanların problemlərdən xilas olmaq və ya uğur qazanmaq üçün cadulara üz tutması halları artmaqdadır. Lakin din alimləri bildirirlər ki, bu cür vasitələr insana fayda gətirmir, əksinə mənəvi zərər verir.
İlahiyyatçı Tural İrfan “Tehsil365”ə açıqlamasında qeyd edib ki, əsasən məişət və sosial problemlər zəif xarakterli insanları cadu kimi vasitələrə meylli edir.
Onun sözlərinə görə, bura zəif dini bilgi, xurafata və mövhumata inam da daxildir.
“Cadu və sehr kimi məsələlər qədimlərdən mövcud olub. Lakin buna inanmaq və məşğul olmaq, müraciət etmək doğru sayılmır. Din qəti olaraq cadunu haram hesab edir,” – deyə Tural İrfan bildirib.
İlahiyyatçının fikrincə, sosial şəbəkələrin imkanlarından istifadə edən bəzi şəxslər bu cür halları reklam etməklə insanlarda çaşqınlıq yaradırlar.
“Sadəcə belə nümunələrə əhəmiyyət verməmək lazımdır. Bir şeyi önəmsədikcə, diqqət yetirdikcə daha da populyarlaşır. Ona görə əhəmiyyət verməyə ehtiyac yoxdur,” – o qeyd edib.
Tural İrfan hesab edir ki, cəmiyyəti düzgün maarifləndirmək din xadimlərinin əsas vəzifələrindən biridir.
“Bir çoxu bunun günah olduğunu ya bilmir, ya da fərqində deyil. Zəif xarakterli adamların bir qismi düşünür ki, cadu, sehr yolu ilə hansısa nailiyyətlər əldə edə bilərlər, yaxud problemlərdən qurtula bilərlər. Amma bu yanlış yoldur,” – ilahiyyatçı vurğulayıb.
“Quranda ‘Nəcm’ surəsində Allah buyurur ki, insana öz əməyindən savayı heç nə yoxdur. Yəni, insan çalışıb işləməsə, cadu yolu ilə varlana bilməz və ya problemdən qurtula bilməz. Cadu və sehr bir növ illüziya və psixoloji təsir vasitəsidir. Quranda sehr və cadu yasaqlanıb. Müsəlmanlara onunla məşğul olmaq qadağan edilib,” – deyə Tural İrfan əlavə edib.

