Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla iş Mərkəzinin əməkdaşları "LANDAU Education Group"un baş ofisində olublar. Görüşün əsas məqsədi təhsil, karyera inkişafı, tələbə və məzunların məşğulluğunun artırılması istiqamətində əməkdaşlıq imkanlarının müzakirəsi olub.
“Tehsil365” xəbər verir ki, görüşdə BDU-nun Karyera və məzunlarla iş Mərkəzinin Karyera planlaşdırılması şöbəsinin müdiri Günel Qurbanova, baş mütəxəssisi İlkin Şərifov, Karyera planlaşdırılması üzrə məsləhətçisi Pərvanə Babayeva, "LANDAU Academy"nin rəhbəri Ləman Bayramlı Pearse, "LANDAU Education Group"un İnsan resursları departamentinin direktoru Tural İslamov və istedadların cəlb edilməsi üzrə qrup rəhbəri Aynur Hacıyeva iştirak ediblər.
Tərəflər müasir təhsil mühitində karyera yönümlü fəaliyyətin əhəmiyyətini vurğulayaraq qarşılıqlı təcrübə mübadiləsi aparıblar. Günel Qurbanova Mərkəzin tələbə və məzunların karyera inkişafını dəstəkləyən layihələri, korporativ tərəfdaşlıqları və məzunlar şəbəkəsinin gücləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verib, xüsusilə “Karyera kompası” layihəsini təqdim edib. O, pedaqoji yönümlü ixtisaslarda təhsil alan tələbə və məzunların məşğulluq imkanlarının genişləndirilməsi üçün birgə layihələrin həyata keçirilməsinin mümkünlüyünü qeyd edib.
"LANDAU Education Group"un nümayəndələri tədris sahəsində mövcud imkanlar, beynəlxalq təhsil mühiti və karyera perspektivləri barədə məlumat veriblər. Qeyd olunub ki, "LANDAU Academy" universitet və gələcək karyera arasında körpü rolunu oynayır. Burada tələbələr praktiki və pedaqoji bacarıqlar qazanır, təlim proqramlarını uğurla başa vurduqdan sonra "LANDAU Education Group" və digər beynəlxalq məktəblərdə iş imkanı əldə edirlər.
Görüş zamanı BDU məzunlarının "LANDAU School"da uğurlu fəaliyyəti xüsusi vurğulanıb. Bildirilib ki, onlar pedaqoji, idarəetmə və tədris texnologiyaları sahələrində qazandıqları bilik və bacarıqları müasir məktəb mühitində uğurla tətbiq edirlər. Bu fakt BDU-nun tədris keyfiyyətinin və məzunlarının yüksək rəqabət qabiliyyətinin göstəricisi kimi qiymətləndirilib.
Sonda tərəflər arasında gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.

