Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsinin Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və “BDU könüllüləri” təşkilatının birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Vətən müharibəsində qazandığımız Zəfərin beşinci ildönümünə həsr olunmuş “Zəfər ruhumuz, qələbə kimliyimizdir” adlı tədbir keçirilib.
“Tehsil365” xəbər verir ki, tədbir Dövlət himninin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Geologiya fakültəsinin dekanı, dosent Mamoy Mansurov 8 Noyabr – Zəfər Gününün xalqımızın tarixində ən qürurlu səhifələrdən biri olduğunu vurğulayıb. O bildirib ki, bu qələbə Ali Baş Komandan, Prezident İlham Əliyevin müdrik rəhbərliyi, xalqımızın birliyi və Ordumuzun qəhrəmanlığı sayəsində əldə olunub.
Seysmologiya və Yer təkinin fizikası kafedrasının müdiri, dosent Əvəz Məmmədov çıxışında Zəfərin xalqımızın milli ruhunun və tarixi ədalətin bərpasının simvolu olduğunu qeyd edib. Tədbirdə Geologiya fakültəsinin IV kurs tələbəsi, Vətən müharibəsi qazisi Musa Abbasov döyüş xatirələrini bölüşüb və şəhid silahdaşlarını ehtiramla yad edib.
Tədbir tələbələrin hazırladığı ədəbi kompozisiya ilə davam edib.

