Bu gün Türkiyə Cümhuriyyətinin qurucusu və lideri Mustafa Kamal Atatürkün vəfatının 87-ci ildönümüdür.
“Tehsil365” xatırlatma edir ki, Mustafa Kamal Atatürk 1881-ci ildə Selanikdə dünyaya gəlib. O, təhsil aldığı Selanik Hərbi Liseyində riyaziyyat müəllimi Mustafa Əfəndi tərəfindən sinifdəki digər Mustafalardan fərqləndirmək üçün “Kamal” adı ilə çağırılıb.
Atatürk 57 illik ömrünü millətinin və vətəninin azadlığı uğrunda mübarizəyə həsr edib və bu mübarizədə qazandığı zəfərlərlə Türkiyə və dünya tarixinə adını qızıl hərflərlə yazdırıb.
1921-ci ilin 23 avqustunda Sakarya döyüşündə qələbə qazandığına görə ona “Marşal” və “Qazi” rütbələri verilib. 1923-cü il 29 oktyabrda Türkiyə Böyük Millət Məclisi tərəfindən Cümhuriyyət elan edilərkən Atatürk ölkənin ilk dövlət başçısı seçilib. 1938-ci ilə qədər ardıcıl olaraq prezident vəzifəsini icra edib.
1934-cü ildə qəbul edilən qanunla ona “Atatürk” soyadı verilib və bu soyadın başqaları tərəfindən istifadəsi qadağan edilib.
Mustafa Kamal Atatürk 1938-ci il 10 noyabrda, 57 yaşında İstanbulun Dolmabahçe Sarayında vəfat edib. Onun nəşi 1953-cü ildə Anıtqəbire köçürülüb.

