Son zamanlar uşaqların reklam və sosial mediada görünməsi artıb. Bu, onların psixologiyasına necə təsir göstərir?
Bu barədə “Tehsil365”ə açıqlama verən psixoloq Aygül Məlikovanın sözlərinə görə, uşaqların sosial mediada reklam və videolara cəlb olunması bir tərəfdən onların inkişafına müsbət təsir göstərə bilər:
“Belə fəaliyyətlər uşaqların özgüvənini artırır, sosial baxımdan inkişafına, yaradıcılığının formalaşmasına kömək edir. Ən önəmlisi isə bu proses uşağın istedadının üzə çıxmasına şərait yaradır.”
Lakin psixoloq xəbərdarlıq edir ki, bu vəziyyətin mənfi tərəfləri də az deyil:
“Uşaqlara ‘sən məşhursan, səni hamı tanıyır’ kimi yanaşmalar onlarda eqo hissini gücləndirə bilər. Bu zaman uşaq yaşına uyğun olmayan davranışlar sərgiləyir, insanlarla ünsiyyətdə özünü digərlərindən üstün görməyə başlayır. Bu isə mənfi nəticələrə gətirib çıxarır.”
Mütəxəssis hesab edir ki, məsuliyyət əsasən valideynlərin üzərinə düşür:
“Əslində, bütün məsələ valideyndə bitir. Valideyn övladını hansı istiqamətə yönəldirsə, uşaq da o istiqamətdə formalaşır. Ola bilər, uşaq gələcəyin istedadlı aktyoru və ya aktrisası olsun, amma bu proses düzgün və məqsədyönlü aparılmalıdır. Məqsəd uşağın hesabına gəlir əldə etmək yox, onun potensialını doğru şəkildə inkişaf etdirmək olmalıdır. Hər şey uşağın hüquqları qorunmaqla və qanun çərçivəsində həyata keçirilməlidir.”

