Ruminiyanın Kluj-Napoca şəhərində Babes Bolyai Universiteti tərəfindən təşkil olunan II Beynəlxalq Türkoloji Konfransda Azərbaycan Dillər Universitetinin (ADU) müəllimləri iştirak ediblər.
“Tehsil365” xəbər verir ki, tədbirdə ADU-nun Qərb ölkələri üzrə Regionşünaslıq kafedrasının müdiri prof. Sevdagül Əliyeva, kafedranın baş müəllimi Sevinc Qurbanova, eləcə də Şərq ölkələri üzrə Regionşünaslıq kafedrasının müəllimləri Aysel Kərimova və Aygün Soltanzadə çıxış ediblər.
Konfransın açılışını Türkoloji və Mərkəzi Asiya regionu üzrə institutun rəhbəri Margareta Aslan edib. Daha sonra Ruminiyanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Vasile Soare açılış nitqi ilə çıxış edərək məruzə təqdim edib.
Prof. Sevdagül Əliyeva çıxışında Azərbaycan və Ruminiyada xalçaçılığın xüsusiyyətlərini təqdim edib, hər iki ölkənin xalçaçılıq ənənələrinin oxşar və fərqli cəhətlərini vurğulayıb. O, Azərbaycanın xalçaçılıq ənənələrinin 2010-cu ildə, Ruminiyanın xalçaçılıq ənənələrinin isə 2016-cı ildə YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edildiyini qeyd edib.
Baş müəllim Sevinc Qurbanova Azərbaycan və Ruminiya arasında diplomatik münasibətlərin 1991-ci ildən strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsini və bu əlaqələrin regional sabitlik, enerji təhlükəsizliyi və Avropa–Cənubi Qafqaz inteqrasiyasında rolunu diqqətə çatdırıb.
Müəllim Aysel Kərimova Aleviliyin yaranması, tarixi inkişafı, daxili iyerarxiyası və müasir dövrdə üzləşdiyi problemlərdən danışıb. Məruzədə Aleviliyin ayinləri, ibadətlərindəki özünəməxsus xüsusiyyətlər və Qızılbaşlarla oxşar və fərqli cəhətləri təqdim olunub, eyni zamanda qarşılaşdığı problemlərin həlli yollarına toxunulub.
Aygün Soltanzadə Ruminiya-Qazaxıstan-Türkiyə münasibətlərinin tarixi, siyasi, iqtisadi və mədəni sahələrdə oxşarlıq və fərqlilikləri haqqında məlumat verib.
Konfransın sonunda ADU-nun müəllimləri sertifikatlarla təltif ediliblər.

