Azərbaycan Dillər Universitetinin (ADU) BMR fakültəsi dekanlığının, Fəlsəfə və İctimai Elmlər və Qafqazşünaslıq və Azərbaycan tarixi kafedralarının birgə təşkilatçılığı ilə “Zəngəzur dəhlizi və Naxçıvan: Regional əməkdaşlıq və geosiyasi perspektivlər” mövzusunda dəyirmi masa keçirilib.
“Tehsil365” bildirir ki, tədbiri fakültə dekanı, tarix elmləri doktoru, professor İbrahim Kazımbəyli açaraq 44 günlük Vətən müharibəsinin əhəmiyyəti və müharibədən sonra imzalanmış 10 noyabr üçtərəfli bəyanatı barədə geniş məlumat verib. O, həmçinin Zəngəzur dəhlizinin açılması istiqamətində aparılan danışıqlardan, dəhlizin regional kommunikasiya baxımından əhəmiyyətindən və 30 il blokada şəraitində qalmış Naxçıvanın sosial-iqtisadi inkişafı üçün yaratdığı imkanlardan danışıb.
Daha sonra Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının dosenti Namiq Kərimov Zəngəzur dəhlizinin açılmasında regional və beynəlxalq aktorların maraqlarını təhlil edib. O, dəhlizin açılmasının regional əməkdaşlıq baxımından zəruri olduğunu vurğulayıb.

