14 noyabr 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzinin İstedadın psixometrik diaqnostikası və maarifləndirmə sektorunun məsləhətçiləri Humay Eminzadə və Sara Payızova tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları üçün “İş mühitində stresin rolu və onunla mübarizə yolları” mövzusunda təlim keçirilib.
“Tehsil365” DİM-in məlumatına əsasən xəbər verir ki, təlim zamanı iştirakçılar stresin fiziki, psixoloji və təşkilati aspektləri ilə tanış olublar.Həmçinin ABC modeli, nəfəs texnikaları, relaksasiya və qısa anti-stres alətlərini praktiki olaraq tətbiq ediblər. Vaxtın idarə edilməsi və iş-həyat balansının qorunması ilə bağlı praktiki məşğələlər icra ediblər. Kiçik qruplarda situasiya analizi və komanda tapşırıqları yerinə yetirilib.
Bununla yanaşı, təlim zamanı keçirilən praktiki qrup tapşırıqları vasitəsilə real situasiyalarda effektiv əməkdaşlıq bacarıqları inkişaf etdirilib.
Sonda iştirakçıların sualları cavablandırılıb, davranış strategiyaları və həll yolları müzakirə olunub.

