14 noyabr 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədrinin müavini Namiq Babayev I Beynəlxalq “Maliyyə, mühasibat, audit və rəqəmsallaşma” simpoziumunun Türkiyədən olan iştirakçıları ilə görüş keçirib. Görüşdə həmçinin DİM-in Yoxlama-ölçmə materiallarının işlənməsi departamentinin müdiri Natiq Əliyev də iştirak edib.
“Tehsil365” DİM-in məlumatına əsasən xəbər verir ki, görüşün məqsədi simpozium çərçivəsində müzakirə edilən mövzuların davamlı əməkdaşlıq imkanları ilə əlaqələndirilməsi, eləcə də iki ölkə arasında təcrübə mübadiləsinin genişləndirilməsi olub.
Görüşdə Türkiyənin ali təhsil və audit qurumlarını təmsil edən nümayəndələr mühasibat uçotu, rəqəmsal transformasiya, maliyyə idarəetməsi və audit standartlarının tətbiqi sahəsində son yeniliklərlə bağlı fikirlərini bölüşüblər. Namiq Babayev DİM-in bu istiqamətlər üzrə həyata keçirdiyi layihələr, sertifikasiya imtahanları, rəqəmsallaşma prosesləri və beynəlxalq əməkdaşlıq perspektivləri barədə məlumat verib.
Tərəflər gələcəkdə birgə elmi tədbirlərin təşkili, rəqəmsal audit və mühasibatlıq standartlarının tətbiqi sahəsində əməkdaşlığın gücləndirilməsi barədə razılığa gəliblər. Türkiyə nümayəndələri Azərbaycanda keçirilən simpoziumun yüksək səviyyədə təşkil olunduğunu vurğulayaraq, bu platformanın iki ölkənin müvafiq qurumları üçün mühüm əməkdaşlıq imkanı yaratdığını vurğulayıblar.
Qeyd edilib ki, Azərbaycanda I Beynəlxalq “Maliyyə, mühasibat, audit və rəqəmsallaşma” simpoziumu 12–13 noyabr 2025-ci il tarixlərində keçirilib. Dövlət İmtahan Mərkəzinin Yoxlama-ölçmə materiallarının işlənməsi departamentinin böyük məsləhətçisi Faiq Abdullayev də bu simpoziumda iştirak edib.

