Dövlət İmtahan Mərkəzi Ədliyyə Nazirliyi ilə birgə 2025-ci il noyabrın 14-də notariat fəaliyyəti ilə məşğul olmaq məqsədilə şəhadətnamə almaq istəyən namizədlər üçün test imtahanı keçirib.
“Tehsil365” DİM-in məlumatına əsasən xəbər verir ki, imtahan DİM-in binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada aparılıb.
Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin DİM-in saytında yerləşdirilib.
İmtahanda iştirak etmək üçün 284 namizəd qeydiyyatdan keçib. 4 namizəd imtahana gəlməyib. 119 namizəd müsabiqə şərtini ödəyərək ikinci mərhələyə – müsahibəyə buraxılıb.
İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası 17, 18 və 19 noyabr tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin əsas inzibati binasında fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299.

