Ümumi təhsil müəssisələrində direktor və direktor müavinləri məktəbin idarə olunmasında, tədris prosesinin təşkilində və təhsil keyfiyyətinin təmin olunmasında əsas rol oynayan rəhbər heyətdir. Onların sayı, strukturda payı və cins bölgüsü təhsilin idarəçilik modelini, həmçinin rəhbər vəzifələrdə gender balansının vəziyyətini göstərən mühüm göstəricilərdən hesab olunur.
“Tehsil365” AzEdu.az-a istinadən xəbər verir ki, ümumi orta təhsil müəssisələrində direktorların cins bölgüsünə baxıldıqda, qadınların payı 30,6%, kişilərin payı isə 69,4% təşkil edir. Tam orta təhsil məktəblərində isə qadın direktorların payı 44,2%, kişilərin payı 55,8% olub. Bu göstəricilər göstərir ki, tam orta məktəblərdə qadın rəhbərlərin sayı daha çoxdur.
Direktor müavinləri arasında qadınların üstünlüyü daha da nəzərə çarpır. Ümumi orta təhsil müəssisələrində müavinlərin 50,3%-i qadın, 49,7%-i isə kişilərdir. Tam orta məktəblərdə bu fərq daha da artır: qadın direktor müavinləri 63,1%, kişi müavinlər isə 36,9% təşkil edir.Ümumilikdə, ölkə üzrə direktor və direktor müavinlərinin ümumi sayı 5915 nəfər qadın və 4782 nəfər kişi olmaqla qadınların ümumi payının 55,3%, kişilərin isə 44,7% olduğunu göstərir.
Statistika göstərir ki, 2024/2025-ci tədris ilində ümumi təhsil müəssisələrində idarəetmədə qadınlar çoxluq təşkil edir. Xüsusilə direktor müavinləri və tam orta məktəb rəhbərləri arasında qadınların üstünlük təşkil etməsi təhsil sistemində qadınların liderlik mövqelərinin artdığını təsdiqləyir.

