Rusiya son illərdə məktəb sistemində hərbi hazırlıq və ideoloji tərbiyəni kəskin şəkildə gücləndirir. Artıq 8-ci sinif şagirdləri üçün silahlarla işləmə, taktiki hazırlıq və atəş açma kimi praktik hərbi bacarıqlar dərs proqramının məcburi hissəsinə çevrilib.
“Tehsil365” xarici mediaya istinadən xəbər verir ki, bu təlimlər əvvəllər yalnız seçməli və ya dərsdənkənar fəaliyyət kimi təqdim olunsa da, indi dövlət tərəfindən tam şəkildə standartlaşdırılmış və bütün məktəblərdə tətbiq olunması tələb edilən bir modul halını alıb.
Bundan daha diqqətçəkən məqamlardan biri odur ki, artıq 6–8 yaşlı uşaqlar belə hərbi formanı xatırladan geyimlərdə sinifdə dayanmağa və hərbi intizam qaydalarına əməl etməyə öyrədilirlər. Məqalədə qeyd edilir ki, kiçik yaşlı uşaqlar üçün tətbiq edilən bu davranış modeli Rusiyanın gələcək nəsillərdə erkən yaşdan “intizam”, “itaətkarlıq” və “vətənpərvərlik” kimi ideoloji dəyərləri formalaşdırmaq niyyətinin göstəricisidir.
Bu dəyişikliklər yalnız fiziki hazırlıq və hərbi bacarıqların artırılması ilə məhdudlaşmır. Eyni zamanda dərsliklərin məzmunu da dəyişdirilib və tarix, vətəndaşlıq və sosial elmlər fənlərində Qərbin Rusiyaya qarşı düşmən obrazı kimi təqdim olunması genişlənib. Məktəblərdə psixoloji müharibə, informasiya təhlükəsizliyi və “milli ideologiya” mövzuları üzrə yeni dərs bölmələri də əlavə edilib.

