Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 33-cü ildönümü münasibətilə Qax rayonunda müəssisə və təşkilatları təmsil edən komandalar arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə rayon birinciliyi keçirilib. YAP Qax rayon təşkilatının təşkilatçılığı ilə keçirilən yarışda 16 komanda mübarizə aparıb.
“Tehsil365” “AZƏRTAC”a istinadən xəbər verir ki, yarış iştirakçıları əvvəlcə Qax şəhərinin “Gənclik” parkında ağacəkmə aksiyasında iştirak ediblər.
Rayon Heydər Əliyev Mərkəzində keçirilən yarışın əvvəlində Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
İntellektual oyunun rəsmi açılış mərasimində YAP Qax rayon təşkilatının sədri Natiq Allahverdiyev, rayon Təhsil sektorunun müdiri Babək Heydərov, Heydər Əliyev Mərkəzinin direktoru Arzu Dunusova çıxış ediblər. Bildirilib ki, intellektual oyunun keçirilməsində əsas məqsəd iştirakçıların dünyagörüşünü daha da zənginləşdirməkdən, onlar arasında bilik və elmin nüfuzunu artırmaqdan, Azərbaycanın milli mədəniyyətini və tarixini təbliğ etməkdən, eləcə də onların asudə vaxtlarının səmərəli təşkilinə nail olmaqdan ibarətdir.
Yekun nəticələrə əsasən, Qax Dövlət Kukla Teatrının komandası intellektual yarışın qalibi adını qazanıb. “Kapital Bank”ın rayon filialının və şəhər 5 saylı tam orta məktəbin komandaları müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.
İntellektual yarışın qalibləri kubok, medal və diplomlarla mükafatlandırılıblar.

