Neftçala rayon Heydər Əliyev Mərkəzində “AZLİNG 2025: Azərbaycan dili və müasir dilçilik – problemlər, perspektivlər və çağırışlar” adlı beynəlxalq elmi konfrans təşkil olunub. Tədbir “Konstitusiya və Suverenlik İli”nə həsr edilib və ölkənin müxtəlif elmi mərkəzlərini təmsil edən yüzə yaxın alim və gənc tədqiqatçı iştirak edib.
“Tehsil365” AZƏRTAC-a istinadla xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Heydər Əliyevin abidəsini ziyarət edib, “Azərbaycanın dilçilik nailiyyətləri” sərgisi ilə tanış olublar. Sərgidə son illərdə əldə olunmuş elmi nəticələr nümayiş olunub.
Açılış nitqində Neftçala Mərkəzinin direktoru Könül Məmmədova Prezident İlham Əliyevin Azərbaycan dilinin qorunması ilə bağlı fikirlərini xatırladıb. Sonra rayon rəhbəri, universitet və institut rəhbərləri çıxış edərək dilin strateji önəmini, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi dil siyasətinin bu gün uğurla davam etdirildiyini vurğulayıblar.
Konfransda AMEA Nəsimi adına Dilçilik İnstitutunun dosenti Qüdsiyyə Qəmbərova ötən ilki konfrans materialları əsasında hazırlanmış linqvistik toplunu təqdim edib. Moderator Aqşin Əliyev AZLİNG konfranslarının beş illik fəaliyyətinə dair hesabat verib.
Tədbir “Gənc dilçilər” forumu və bölmə iclasları ilə davam edib, 100-ə yaxın alim və tədqiqatçı aktual dilçilik mövzularında elmi nəticələrini təqdim edib. Konfrans iştirakçılarına sertifikatlar təqdim olunub.

