1988-ci ilin 17 noyabrında Bakının mərkəzində, indiki Azadlıq (keçmiş Lenin) meydanında Azərbaycan tarixinin ən genişmiqyaslı xalq etiraz aksiyalarından biri baş tutdu.
"Tehsil365" xəbər verir ki, Bu aksiya, Ermənistanın təxribatçı hərəkəti — Şuşa şəhəri yaxınlığındakı Topxana meşəsində qanunsuz tikinti işlərinə və meşə qırıntılarına etiraz olaraq təşkil olunmuşdu.
Topxana meşəsində ermənilər tərəfindən başladılan tikinti, Dağlıq Qarabağda erməni separatizminin açıq simvolu və Azərbaycanın ərazi bütövlüyünə yönəlmiş açıq təhdid kimi qəbul edildi. Bu hadisə Azərbaycan ictimaiyyətində güclü narazılıq yaratdı və xalq, bu təcavüzə susmaq əvəzinə bir araya gələrək öz səsini ucaltdı.
17 noyabr aksiyası yalnız bir ekoloji etiraz deyil, milli ruhun, milli kimliyin və azadlıq istəklərinin ifadəsi idi. Minlərlə insan meydanda toplaşaraq Ermənistanın təcavüzkar siyasətinə, SSRİ rəhbərliyinin ədalətsiz mövqeyinə qarşı çıxış etdi. Bu aksiya günlərlə davam etdi və nəticədə Azərbaycanın müstəqilliyə aparan yolunda dönüş nöqtəsinə çevrildi.
Məhz bu hadisələr fonunda xalqın milli özünüdərki gücləndi, ictimai-siyasi fəallıq artdı və Azərbaycan Xalq Hərəkatı formalaşmağa başladı.
Bu səbəbdən, 17 noyabr tarixi 1992-ci ildən etibarən Milli Dirçəliş Günü kimi qeyd olunur. Bu gün, xalqın azadlıq və suverenlik uğrunda mübarizəsinin simvoludur.

