Son illərdə süni intellektin sürətli inkişafı bir çox sualları gündəmə gətirib. Bəzi alimlərin araşdırmalarından belə nəticəyə gəlinib ki, texnologiyalar bu qədər irəli getməyə başladıqca insanların etdiyi yeni kəşflərdə azalma müşahidə edilib. Süni intellektin insan beyninin düşünmə aktivliyini zəiflətməsi ilə bağlı fikirlər irəli sürülür. Bu iddialar belə bir narahatlıq yaradır: Görəsən, artıq dünyanın inkişafını insanlar yox, süni intellekt təmin edəcək?
Məsələ ilə bağlı IT mütəxəssisi Elvin Həsənov öz fikirlərini "Tehsil365"lə bölüşüb. O bildirib ki, bu kimi narahatlıqlar müəyyən qədər anlaşılan olsa da, süni intellektin insan yaradıcılığını əvəz etməsi real görünmür:
“İnsanlar süni intellekt yaranmamışdan əvvəl də araşdırma aparır, kəşflər edirdi. Bu gün də eyni proses davam edir. Sadəcə fərq ondadır ki, əvvəllər aylarla vaxt aparan analiz, hesablamalar və məlumat toplama prosesi indi bir neçə dəqiqəyə həyata keçir. Bu isə insanın işini əlindən almaq deyil, prosesi sürətləndirməkdir.”
Ekspert qeyd edir ki, süni intellekt insan beyninə birbaşa təsir göstərmir və düşünmə qabiliyyətini zəiflətmir:
“AI insanın yerinə düşünmür, yalnız mövcud məlumatı daha tez emal edir. Düşünmə və yaradıcılıq isə yenə insanın payına düşür. Bəzən diqqət dağınıqlığı və hazır cavablara öyrəşmək kimi hallar müşahidə olunur, amma bu süni intellektin günahı deyil — istifadənin balanssız olması ilə bağlıdır.”
Elvin Həsənov bildirib ki, texnologiyanın inkişafına qarşı narahatlıqlar əvvəl də olub:
“İnternet, kompüter və smartfonlar həyatımıza daxil olanda da eyni müzakirələr vardı. Amma zaman göstərdi ki, texnologiyadan düzgün istifadə edən insan həm daha məhsuldar, həm də daha yaradıcı ola bilir.”
Mütəxəssisə görə, süni intellekt yalnız rutin işləri sürətləndirir, lakin yaradıcı ideya və qərarlar hələ də insana məxsusdur:
“AI bir vasitədir — ağıllı və sürətli bir köməkçi. Amma yenilikləri edən, sənət yaradan, icad edən və qərar verən əsas qüvvə yenə də insandır.”
Nəticə olaraq belə qənaətə gəlmək olar ki, süni intellekt insanların yerinə keçən deyil, onların qabiliyyətlərini gücləndirən bir texnologiyadır. Onu necə və hansı məqsədlə istifadə etdiyimiz isə gələcəyin inkişafını müəyyənləşdirən əsas amildir.

