Noyabrın 14-də Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) təşəbbüsü və ADU-nun Strateji İnkişaf və Planlama Şöbəsinin təşkilatçılığı ilə mikromobillik vasitələrinin (elektrikli skuter, velosiped və e-velosipedlər) təhlükəsiz və düzgün istifadəsinə dair maarifləndirici sessiya keçirilib. Tədbir AYNA tərəfindən ali təhsil müəssisələri üçün həyata keçirilən maarifləndirmə proqramı çərçivəsində baş tutub.
“Tehsil365” xəbər verir ki, tədbiri ADU-nun Strateji inkişaf və planlama şöbəsinin müdiri Röya Əliyeva açaraq mikromobillik mədəniyyətinin formalaşdırılmasının müasir şəhər mühitində, xüsusilə gənclər arasında ekoloji məsuliyyətin artırılması baxımından əhəmiyyətini vurğulayıb. R.Əliyeva çıxışında mikromobillik təşəbbüslərinin BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri — “Dayanıqlı şəhərlər və icmalar” (Məqsəd 11) və “İqlim dəyişikliyi ilə mübarizə” (Məqsəd 13) ilə uyğunluğunu qeyd edərək, ADU-nun dayanıqlı və təhlükəsiz kampus mühitinin yaradılmasına xüsusi önəm verdiyini bildirib.
Sessiya AYNA-nın əməkdaşı Ruhlan Əbülfəzzadənin təqdimatı ilə davam edib. Çıxışda mikromobilliyin qısa məsafələrdə sürətli, rahat və ekoloji cəhətdən üstün hərəkət forması olduğu, velosiped və elektrikli skuter kimi vasitələrin tələbələr üçün əlçatan, sərfəli və sağlamlıq yönümlü alternativ yaratdığı diqqətə çatdırılıb. O, mikromobilliyin avtomobil sıxlığının azalmasına, hava keyfiyyətinin yaxşılaşmasına və şəhər infrastrukturunun daha səmərəli istifadəsinə töhfə verdiyini vurğulayıb. Həmçinin, yol hərəkəti qaydalarına əməl etməyin və xüsusi zolaqlardan düzgün istifadənin təhlükəsizlik baxımından əsas şərt olduğu bildirilib.
APAR şirkətinin nümayəndəsi Fatimə Göycəli təqdimatında paylaşım əsaslı velosiped və skuter sistemlərinin inkişafı, onların tələbə mühitində tətbiqi, belə xidmətlərin şəhər mobilliyinə müsbət təsiri və təhlükəsiz idarəetmə prinsipləri barədə məlumat verib. Tədbirin praktiki hissəsində APAR tərəfindən tələbələrə velosipedlərin düzgün idarə olunması ilə bağlı təlim dəstəyi göstərilib.
Maarifləndirmə sessiyası interaktiv formatda təşkil olunub, tələbələrin mikromobillik vasitələrinin təhlükəsiz və effektiv istifadəsinə dair sualları cavablandırılıb. Daha sonra ADU-nun həyətində keçirilən praktiki təlimdə iştirakçılar real idarəetmə bacarıqlarını sınayıblar. Təlimə qoşulma könüllü əsasda həyata keçirilib.
Tədbirdə ümumilikdə 200-ə yaxın tələbə iştirak edib. Sessiya ADU tələbələri arasında təhlükəsiz nəqliyyat vərdişlərinin inkişafına, mikromobillik vasitələrindən məsuliyyətli istifadə mədəniyyətinin formalaşmasına və dayanıqlı həyat tərzinin təşviqinə mühüm töhfə verib.
ADU-da mikromobillik və dayanıqlı nəqliyyat mövzusunda maarifləndirici sessiya keçirilib
10317.11.2025 - 16:15

