"Süni intellekt insanların öyrənmə, ünsiyyət və gəlir qazanma üsullarını kökündən dəyişdirən texnologiyadır".
“Təhsil365”xəbər verir ki, bunu Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Dorin Boqdan Martin Ümumdünya Telekommunikasiya İnkişafı Konfransının (WTDC-25) açılış mərasimində deyib.
O bildirib ki, son WTDC-dən bəri yüz milyonlarla insan internetə qoşulub:"Bu gün internetə çıxışı olan insanların sayının tarixdə heç vaxt olmadığı qədər yüksək olması böyük nailiyyətdir və bununla hamımız fəxr etməliyik.Amma sual budur: bu qoşulma əlçatandırmı, inklüzivdirmi, yetərincə təhlükəsizdirmi? Gündəlik xəbərlərdə oxuduğumuz rəqəmsal transformasiya hamı üçün və planetimiz üçün davamlıdırmı? Cavab: hələ ki xeyr. Çünki hələ də milyardlarla insan ümumiyyətlə internetdən istifadə etmir - onların ya çıxışı yoxdur, ya da istifadə etmirlər. Onların, təxminən, 80%-i aşağıgəlirli ölkələrdə yaşayır.Qadınlar və qızlar üçün olan rəqəmsal uçurum kifayət qədər böyükdür - 250 milyon qadın kişilərə nisbətən internetdən daha az istifadə edir və bu fərq ən az inkişaf etmiş ölkələrdə müşahidə olunur.Aşağıgəlirli ölkələrdə 4G xidməti əhalinin cəmi yarısından bir qədər çoxu üçün əlçatandır. 3G, hətta bəzi hallarda 2G belə hələ də bəzi icmalar üçün yeganə əlaqə vasitəsidir - xüsusilə ən az inkişaf etmiş ölkələrdə, kiçik ada dövlətlərində və dənizə çıxışı olmayan ölkələrdə".

