“Yüksəliş” müsabiqəsinin mentorluq proqramı çərçivəsində müsabiqənin idarəçi rəhbərləri və qalibləri arasında görüşlər davam edir.
“Tehsil365” DİM-in məlumatına əsasən xəbər verir ki, 17 noyabr 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə dördüncü “Yüksəliş” müsabiqəsinin qaliblərindən biri olan Seymur Hüseynovla növbəti görüşünü keçirib.
Görüş zamanı Seymur Hüseynovun şəxsi inkişaf planı, həyata keçirdiyi layihələr və gələcək fəaliyyət istiqamətləri müzakirə olunub. Məleykə Abbaszadə qeyd edib ki, qarşıdakı mərhələdə onun müxtəlif layihələrə cəlb olunması, əməkdaşlıq imkanlarının genişləndirilməsi və təşəbbüslərinin dəstəklənməsi üçün əlavə istiqamətlər nəzərdən keçiriləcək.
Qeyd edilib ki, dördüncü “Yüksəliş" müsabiqəsinin qalibi Seymur Hüseynov Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə ilə birillik Mentorluq proqramı çərçivəsində əməkdaşlıq edərək təcrübə keçir.
“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.

