Rəvanə Kərimovanın “Qanlı Qədəh” əsəri oxucularını yaddaş, həqiqət və manipulyasiya mövzularının içində sarsıdıcı səyahətə dəvət edir.
“Tehsil365" xəbər verir ki, Əsərin mərkəzi ideyalarından biri olan “Həqiqət – ən yaxşı qurulmuş yalandır” ifadəsi, müəllif tərəfindən dərin məna ilə izah olunur.
Rəvanə Kərimova bildirir ki, bu ifadə əsərdəki obrazların inanclarının üstündə qurulmuşdur. “Qanlı Qədəh”də hər şey ilk baxışda göründüyü kimi deyil; oxucuya təqdim olunan həqiqət, bəlkə də əvvəldən qurulmuş bir oyunun tərkib hissəsidir. Həqiqət kimi qəbul edilən şeylər bəzən yalnız inandığımız üçün belə görünür və əslində manipulyasiya məqsədilə qurulmuş yalandır.
Əsərin qəhrəmanı Fəridənin yaddaşında yaşanan qarışıqlıqlar və unutqanlıq, onun keçmişi ilə gələcəyini bağlı saxlayır. Əsərdə zaman və yaddaş, sadəcə keçən günlər deyil, həm də insanın daxili dünyasının ölçüsüdür. “Qanlı Qədəh” oxucunu davamlı şübhə ilə yaşamağa, görünənlərin arxasında gizlənən həqiqətləri axtarmağa çağırır.
Bu əsər həm sirr, həm də psixoloji triller janrında maraqlı oxucu təcrübəsi təqdim edir və “Həqiqət – ən yaxşı qurulmuş yalandır” fikri ilə zəkaya meydan oxuyur.

