Türkmən ədəbiyyatında xalq yaradıcılığı nümunələri geniş yer tutur. Tarixi-siyasi proseslər səbəbindən türkmənlər Kiçik Asiyadan Hindistana qədər bir əraziyə səpələnib, lakin dillərini, adətlərini, milli kimliklərini unutmayaraq bu ərazilərdə yaşadıblar.
Bu fikirlər filologiya elmləri doktoru, professor Elman Quliyevin türkmən ədəbiyyatı ilə bağlı yazısında yer alıb.
“Tehsil365” xəbər verir ki,məlum olduğu kimi, Babirin qoşunları sırasında türkmən əsilli döyüşçülər çox olub. Babir Şeybani xana məğlub olduqdan sonra Əfqanıstan və Hindistana üz tutaraq orada böyük monqol hakimiyyətinin əsasını qoyub. Bu zaman Babir qoşunları sırasında olan türkmən əsilli şairlər yaradıcılıqlarını davam etdirib və orta əsrlər türkmən ədəbiyyatına böyük töhfələr veriblər. Bu sırada əsas yerdə dayanan şairlərdən biri də Bayram xan (1500-1561) olub. Bayram xanı bir sıra mənbələrdə bir şair olaraq özbək ədəbiyyatı nümayəndəsi kimi göstərirlər. Amma nəzərə almaq lazımdır ki, Bayram xanın atası Seyfəli bəy Bədəxşanda yaşayan Baharlı türkmən nəslindəndir. Bayram xan Babir türk dövlətinin başçısı Humayun xanın sarayında çalışmışdır. Humayun xanın vəfatından sonra taxta çıxan Əkbər şahın zamanında Bayram xana daha çox etimad göstərilmişdir.
Bayram xan 1561-ci ildə Həcc ziyarətinə gedərkən yolda bir əfqan tərəfindən öldürülüb, cəsədi Məşhəd şəhərində dəfn edilib. O, Nəsimi və Nəvai yaradıcılıqlarından təsirlənib, fars və türk dillərində divan yaradıb. Əsərləri daha çox aşiqanə tərzdə yazılıb.
XVII əsr klassik türkmən ədəbiyyatının inkişafı ənənəvi mövzu və ideyalar üzərində davam edib. Nurməhəmməd Əndəlib (1660-1740), Dövlətməmməd Azadi (1695-1760), Məxtumqulu Fəraqi (1730-1780), Abdulla Şahbəndə (1720-1800), Şeydayi (XVIII əsr), Qurbanəli Məğrubi (1735-1810) və s. sənətkarlar XVIII əsr klassik türkmən ədəbiyyatının yeni məzmun və ideyalarla zənginləşdirilməsində böyük xidmətlər göstəriblər. “Vəzi-Azadi”, “Behiştnamə”, “Cabir Ənsar” adlı poemaların, o cümlədən çoxsaylı məsnəvi, qəzəl, mürəbbe və rübailər müəllifi olan Dövlətməmməd Azadi türkmən ədəbiyyatında ilk dəfə milli birlik ideyasını ortaya atıb, dövlətin ədalətli idarə olunmasını millətin yeganə nicat yolu hesab edib.
Məxtumqulu Fəraqi yaradıcılığı ilə klassik türkmən ədəbiyyatında realist şeirin əsası qoyub. Onun sənətində XVIII əsr türkmən ictimai-siyasi həyatı əksini tapıb. Nurməhəmməd Əndəlib yaradıcılığında folklor motivləri, dastan janrı üstünlük təşkil edir. Əndəlib yaradıcılığının klassik şərq ədəbiyyatı və milli folklora bağlılığı onun fərdi üstünlüyü kimi dəyərləndirilir. XIX əsr türkmən ədəbiyyatı Seyidnəzər Seyidi (1767-1830), Qurbandurdu Zəlili (1798-1852), Məmməd Vəli Kəminə (1770-1840), Molla Nəpəs (1810-1862), Dostməhəmməd (1815-1865), Annaqılınc Möhtaci (1824-1884), Miskin Qılınc (1845- 1905), Dövlətməmməd Balqızıl (1854-1912) və s. kimi sənətkarların simasında yeni inkişaf mərhələsinə qədəm qoydu. S.Seyidinin “Görülsün indi” şeirində vətən, el, torpaq, qohum-qardaş həsrəti ilə fəryad edən, vətən üçün ölməyi şərəf bilən şairin poetik duyğuları əksini tapır.
XIX əsr türkmən ədəbiyyatında məhəbbət mövzusu aparıcı olsa da, burada ictimai-siyasi səciyyəli şeirlər də yer alırdı. Klassik türkmən ədəbiyyatında nəsr və dramaturji ənənə olmamışdır.
XX əsrdən başlayaraq türkmən ədəbiyyatında nəsr və dram əsərləri yaranmağa başlayıb. Türkmənistanda sovet hakimiyyətinin qurulması ilə hər iki janrın inkişafı üçün əlverişli şərait yaranıb. Sovet hakimiyyətinin qələbəsindən sonra Türkmənistanın ilk mətbu orqanı olan “Türkmənistan” və bir müddət sonra “Dehqan”, “Gənc kommunist”, “Qızıl əsgər” qəzetlərinin və “Toxmaq” satirik jurnalının çap olunması ölkədə ədəbi prosesin inkişafına böyük təsir göstərib.
XX əsrin əvvəllərində yazıçı və şairlərin ictimai-siyasi proseslərdə fəal iştirak etmək meylləri onları dövrü mətbuatla daha sıx əlaqələndirdi. Mətbuatda yeni cəmiyyət quruculuğuna, xalq düşmənləri ilə mübarizəyə həsr edilmiş əsərlərə üstünlük verilirdi. Kor Molla (1872-1934), Durdı Qılıc (1880-1950), Bayram (1871-1948), Molla Murt (1870-1930), Nurmurad Sarıxanov (1906-1944) və s. yazıçı və şairlər ədəbiyyata sovet ideoloji prinsipləri daxilində daha çox məfkurə təbliğ edən müəlliflər kimi daxil oldular. Qadın hüquqsuzluğuna həsr edilmiş Berdi Kerbabayevin “Qızlar aləmi” (1927), A.Alamışevin “Sona” (1928) poemaları, köhnə dünya ilə yeni sosialist həyat fərqlərini əks etdirən Aman Kəkilovun “İrəliyə”, Əkbər Ruhinin “Komsomol” poemaları, o cümlədən Ağaxan Durdıyevin “Xoşbəxtlər” povesti, Berdi Kerbabayevin “Qəti addım” romanı, “Aysoltan” povesti məhz yeni sovet cəmiyyətinin tələblərinə uyğun əsərlər kimi xarakterikdir. Onu da qeyd edək ki, B.Kerbabayevin “Qəti addım” əsəri türkmən ədəbiyyatının ilk tarixi romanı hesab olunur.
XX əsrin 20-30-cu illərində B.Kerbabayev, A.Durdıyev, A.Qarrıyev və başqaları türkmən ədəbiyyatına ilk dram əsəri yazan müəlliflər kimi daxil olublar. Hüseyn Muxtarovun “Allanın ailəsi”, “Kimdir müqəssir?” əsərləri ilə türkmən dramaturgiyası yeni mərhələyə qədəm qoyub. İkinci Dünya müharibəsi illərində və ondan sonrakı dövrlərdə türkmən ədəbiyyatında müharibə və quruculuq mövzusu əsas yerlərdən birini tuturdu.
Orazqulu Annayev, Amandurdu Canmuradov, Rəcəbmurad, Ata Durdıyev və başqalarının yaradıcılığında vətənə sevgi, düşmənə nifrət, xoşbəxt gələcəyə inam və s. güclü idi. Ata Durdıyevin “Müharibənin adi günü” povestində cəbhədə döyüşcülərin göstərdikləri igidliklər təsvir olunur. Əsərdə türkmən Komekov, azərbaycanlı Məmmədov və digər xalqların nümayəndələrinin birliyi və onların düşmənə qarşı apardığı mübarizə yüksək şəkildə təzahürünü tapır.
Müasir mərhələdə türkmən ədəbiyyatında poeziya daha aktiv və aparıcı mövqe tutub. Müasir türkmən şeirində Azərbaycana bağlılıq və Azərbaycan sevgisi xüsusi mövzuya çevrilib. Aycamal Ömərovanın “Azərbaycan”, Anna Kovusovun “Gəncə”, Allahverdi Xayıdovun “Azərbaycan”, Əvəzmurad Babayevin “Günəşli Azərbaycan” və s. yaradıcılıq nümunələrində Azərbaycana rəğbət bəslənilir, ölkəmizin təbii gözəllikləri, onun keçmişi və bu günü tərənnüm olunur.

